Dərman qiymətlərinin artımı ailə büdcəsinə güclü zərbə vurur.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədrinin müavini Əli Məsimli bildirib.
Əli Məsimli deyib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bununla bağlı sanballı sənəd hazırlanıb: “Sənəddə təkliflər var. Keçən dəfə Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəm. Türkiyədən 3,20 manata olan dərmanı dünən - 23 yanvarda 39,40 manata alıblar. Düşünürəm ki, bunun qarşısını Rəqabət Məcələsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”.
Onun sözlərinə görə, dərman qiymətlərinin artımı problemli məsələdir. Deputat təklif edib ki, komitədə bu məslə ilə bağlı ictimai dinləmənin keçirilməsi vacibdir: "Süni şəkildə qiymətlərin artırılması, Azərbaycan xalqının rifahına təsir edir. Azərbaycan xalqını soymaqla məşğuldurlar. Bunun qarşısını almaq üçün Rəqabət Məcəlləsi qəbul edilməlidir".