Bütün yaş dövrlərində olan uşaqların gündəlik rejimini mütləq qaydaya salmaq lazımdır. Onlar tez-tez təmiz havaya çıxarılmalı, hərəkətdə olmalıdırlar. Zəifləmiş uşaqlar daha çox istirahət etməli, erkən yatmalı, səhərlər daha tez oyanmalıdırlar. Günorta yuxusu isə mütləqdir. Heç bir halda yeməkdən 1-2 saat qabaq uşağa şirniyyat, şirə və qazlı içki vermək olmaz.
Həkim-terapevt Zakir Quliyev deyib: “Hər bir uşağın yaşına uyğun olaraq qidalanma rejimi olmalıdır. Altı aylıq uşaqla 7 yaşındakı uşağın qidalanma rejimi eyni ola bilməz. Təəssüf ki, bəzi valideynlər uşağın nə yeyəcəyini özləri müəyyən edirlər”.
Ana kiçik yaşda olan uşağın normal inkişaf etməsi üçün onun qidasını balanslaşdırmalıdır. Bəzi analar uşağın başını qataraq və onu əyləndirərək yedizdirməyə çalışır. Bu, iştahanın uzun müddət itirilməsinə səbəb ola bilər. Əksər valideynlər uşaqların fastfud istəyinin qarşısını nəinki alır, əksinə, onların həmin arzusunu gerçəkləşdirməyə çalışırlar. Təbii ki, bu da piylənməyə aparıb çıxarır.
“Uşaq nə istəyirsə onunla qidalanmalıdır. Məsələn, səhər yeməyi zamanı masa üzərində uşaq orqanizmi üçün faydalı olan qidalar, məsələn, pendir, yumurta, süd olmalıdır. Həmin qidaları görən uşaq onunla qidalanmağa alışır. Bəzən valideynlər uşağı məcbur yedizdirməyə çalışırlar. Belə şəraitdə böyüyən uşaqlar gələcəkdə normal və düzgün qidalanmayacaqlar “, - deyə həkim-terapevt bildirib.
Azyaşlı uşaqları keyfiyyətli qidalar və rejimlə bəslədikdə onlar sağlam və xoşbəxt böyüyürlər. Ona görə də gələcəyimiz olan uşaqların qayğısına onların körpə yaşından qalmaq lazımdır.