Xəzər Xəbər

Bakıda tıxacın həlli 60 qəpikdən keçir? - "Vətəndaşları o qiymətə öyrədəcəklər və..."

Cəmiyyət | 15:02 • 26 Oktyabr 2022
Bakıda tıxacın həlli 60 qəpikdən keçir? - "Vətəndaşları o qiymətə öyrədəcəklər və..."

Oktyabrın 27-dən yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq. 

Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət - Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.

Gediş haqqı 0.60 AZN olacaq. BNA-nın məlumatına görə, E1 xəttinin fəaliyyətə başlaması ilə əlavə ödəniş etmədən metronun “Xalqlar Dostluğu” stansiyasından Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəliş təmin ediləcək.

Bu da öz növbəsində vətəndaşların metronun qeyd olunan istiqamətdə qanunsuz sərnişindaşıma vasitələrindən, eləcə də fərdi avtomobillərdən istifadəsini azaldacaq.

Qeyd edək ki, son günlər aktual olan məsələlərdən biri məhz paytaxtda ictimai nəqliyyatla bağlı mövcud problemlərdir. Bu istiqamətdəki problemlərin həlli yolu kimi müxtəlif təkliflər irəli sürülsə də, hələ ki, real vəziyyət dəyişməyib. 

Bugünlərdə isə BNA tərəfindən xəttə buraxılacaq yeni ekspres marşrut bu sahədə problemlərin həllində rol oynayacaqmı? 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, ümumiyyətlə, hansısa ekspres maşrutun paytaxtda tıxac problemini aradan qaldıracağı məntiqsiz yanaşmadır: 

“Çünki ayrıca bir infrastruktur yoxdur. Bir çox şəhərlərdə, məsələn, İstanbul şəhərində var, metrobus adlanır ki, müxtəlif istiqamətlərdə ayrıca yollar çəkilir. O yollar əsas yollardan arakəsmələrlə ayrılır və həmin merobus yolunda doğrudan da avtobuslar sürətlə hərəkət edir. Bakı şəhərində belə bir infrastruktur yoxdur. İstər adını ekspres, istər adi avtobus qoysunlar, eyni yollarda hərəkət edəcək. Əgər bunu ayrıca zolaqların çəkilməsi ilə etməyə çalışacaqlarsa, bunun eksperimenti olub. Bakıda ayrıca avtobus zolaqlarını bir çox küçələrdə gördük, ancaq heç bir effekti olmadı. Çünki Bakının infrastrukturu, yolların eni, zolaqların sayı buna yetərli deyil. Sadəcə bu yolla qiymətin artırılmasının “kreativ” yolunu tapıblar. İnsanları 60 qəpiyə öyrəşdirəcəklər. Bir müddətdən sonra aydın olacaq ki, bu da alınmır. Bütün avtobusları, nəqliyyatın yenidən həmin qiymətlə işləməsinə qərar veriləcək. Bakının strukturu, İstanbulda, Avropanın bəzi şəhərlərində gördüyümüz metrobus yanaşmasına uyğun deyil. Yəni dar yoldursa, adının necə olmasından asılı olmayaraq, tıxacda qalacaq”. 

Ekspertin sözlərinə görə, Bakının nəqliyyat probleminin həlli ayrıca sürət avtobuslarının yaranmasından keçmir: 

“Köklü həll yolu, infrastrukturun yenilənməsi, Bakının yükünün azaldılması lazımdır. Eləcə də nəqliyyatın sürətinin artması üçün metro vaqonlarını sayı artmalı, yeni stansiyalar tikilməlidir. Bütün bunlar kompleks olmalıdır. Yalnız “60 qəpiyə yeni avtobus xətti açırıq, nəqliyat problemini həll edirik” söyləyənlər ya bu məsələdən xəbərləri yoxdur, bu sahənin mütəxəssisləri deyil, ya da sadəcə insanları yeni qiymətlərə öyrəşdirməyi düşünürlər”. /Cebhe.info
 

Xəbər lenti

Çox oxunanlar