Xəzər Xəbər

Uşaqların gec dil açmasının səbəbləri

Cəmiyyət | 13:47 • 26 Oktyabr 2022
Uşaqların gec dil açmasının səbəbləri

Statistikaya görə, uşaqların 9 faizə qədəri gec dil açıb danışır. Bu, uşağın zehni fəaliyyətinin də gec inkişafına səbəb olduğu üçün mütəxəssislər valideynləri pediatrlardan məsləhət almağa çağırırlar.

Uşaqların gec dil açıb danışmasının səbəbi elmə tam məlum deyil. Amma bunu nevroloji, genetik, duyğusal və neyropsixoloji vəziyyətlə əlaqələndirirlər. Nevroloji problemlər, anadangəlmə spastik xəstəliklər və autizm uşaqların gec dil açmasına səbəb olur. Onun əsasında isə sinir sistemindəki pozuntular durur. Meningit, zədə, damar mənşəli xəstəliklər, əzələ xəstəlikləri, beyinə təsir edən infeksiyalar da uşaqda danışmaq problemləri yaradır.

Həkim-endokrinoloq Aynur Muxtarova deyib: “Uşaqlarda nitq geriliyinin səbəbi orqanik və funksional olur. Orqanik problemlərə damaq və yaxud dodaq yarığının olması, uşağın zehni qabiliyyətinin nisbətən geri olması, autizm kimi proseslər və yaxud da uşaqlarda nitq mərkəzinin gec inkişaf etməsi aiddir. Funksional səbəblərə uşağın doğulduğu ailənin psixososial vəziyyəti, uşaqla ata-ananın ünsiyyəti və yaxud da uşağın hansı mühitdə böyüməsi çox böyük əhəmiyyət kəsb edir. Orqanik səbəblər aradan qaldırıldıqdan sonra dodaq-damaq yarığı bərpa olunandan və yaxud da dil bağı problemi varsa, onun aradan qaldırılmasından sonra uşaqlarda normal nitq inkişafı getməyə başlayır”.

Həyatının ilk aylarında körpə uşaqlar ətrafdakı səsləri izləyir, təqlid edir, sonralar isə səs gələn tərəfə dönüb baxır. 1 yaşına yaxın uşaqlar yanlarında tez-tez təkrarlanan adları tanıyır və gözləri ilə onları arayaraq göstərirlər. 2 yaşına girmiş uşaqlar kitablarda gördükləri şəkli gözləri ilə göstərə, musiqi eşidən zaman ritmik hərəkətlərlə oynaya bilirlər. 3-4 yaşlarında olan uşaq isə “kim”, “nə”, “harada” və “niyə” suallarına cavab verə bilir. Uşaqlar 8-10 aylığında kiçik hecaları təkrarlaya, 15 aylığında bir neçə asan sözü söyləyə bilirlər. 2 yaşındakı uşaq ən azı 25 kəlmə bilməlidir.

“Uşağın hansı mühitdə özünü rahat hiss etməsinə fikir vermək lazımdır: tək qalanda, yoxsa ailəsi və ya dostları ilə münasibət saxlayanda. Yaxud uşaq öz hisslərini, etirazını necə bildirməyə çalışır: aqressiv davranışla, mimikalarla, jestlərlə. Əgər bir uşaq öz istəyini aqressiv davranışla, vurmaqla, döyməklə, bəzən özlərini divara çırpmaqla bildirirlərsə, bu, artıq onda nitqin inkişafında problem olduğunu göstərir”,- deyə həkim-endokrinoloq bildirib.

3-4 yaş aralığında uşaqların dediyi kəlmələrin yarısı səlis və aydın olmalıdır. Həkimlər bildirirlər ki, eşitmə pozuntusu erkən müəyyən olunduqda müalicəyə tez başlamaq lazımdır. 3-4 yaşından sonra müalicələrin effektivliyi azalır. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar