Xəzər Xəbər

Gözəgörünməz qatilin “dövranı” başladı: dəm qazından necə qorunmalı?

Cəmiyyət | 09:41 • 25 Oktyabr 2022
Gözəgörünməz qatilin “dövranı” başladı: dəm qazından necə qorunmalı?

Havalar soyuyan kimi artıq dəm qazı zəhərlənmələri ilə bağlı ilk xəbərlər gəlməyə başlayıb. Əfsus ki, hər il eyni xəbərdarlıqlar edilməsi və tövsiyələr verilməsinə baxmayaraq, hər il də faciəvi hallar təkrarlanır. Keçən il də neçə-neçə insan, o cümlədən uşaqlar gözəgörünməz qatilin qurbanı oldu.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, tibb elmləri doktoru Azər Maqsudov “Yeni Müsavat”a dəm qazı zəhərlənməsi zamanı müşahidə olunan əlamətləri açıqladı:

“Baş ağrısı, başgicəllənməsi, ürək döyüntüsü artır, hava çatışmazlığı hissi yaranır, qan təzyiqi düşür. 5-10 dəqiqə qapalı mühitdə qaldıqdan sonra huşun itirilməsi ola bilər. Dəm qazı qoxusuz olur. Bu baxımdan yarana biləcək təhlükəyə ciddi yanaşmaq lazımdır”.

Həkim-toksikoloq dəm qazından zəhərlənən şəxsə ilkin tibbi yardım barədə də danışdı:

“Zəhərlənən şəxsi dərhal təmiz havaya çıxarmaq lazımdır ki, vəziyyəti nisbətən yüngülləşsin. Huşu yerindədirsə, üstünü örtmək lazımdır çünki bədənin hərarəti düşür. İsti içkilər - çay, qəhvə vermək olar. Dərhal təcili yardıma məlumat vermək də öz yerində. Həkim dəm qazı zəhərlənməsi diaqnozunu təsdiqləsə, ixtisaslı mərkəzə yönəldilir. Əgər şəxsin huşu gedibsə, təmiz havaya çıxarmaq, üstünü örtmək, ağız boşluğunu selikdən təmizləmək lazımdır ki, hava yolları açılsın, boğulma hissi olmasın. Əsasən uşaqlar və yaşlı insanlara diqqət etmək lazımdır çünki onların müqaviməti güclü olmur. Bu yaş kateqoriyalarında zəhərlənmənin klinikası özünü tez büruzə verir, nəticədə vəziyyət qısa zamanda kəskinləşə bilər. Xüsusilə ağciyər xəstəlikləri və qan xəstəlikləri olanlar bunu dərhal bildirməlidirlər ki, müalicə həkimi nəzərə alsın. Kritik hədd cihazın növündən asılıdır. Bəzən 3-5 dəqiqə belə vəziyyətin pisləşməsinə səbəb ola bilər. Zəhərlənən şəxsin huşu ən yaxşı halda, 20-30 dəqiqə özündə qala bilər”.

A.Maqsudov koronavirus infeksiyasına yoluxan şəxslərin xüsusilə diqqətli olmasını tövsiyə edir:

“Koronavirusa yoluxan şəxsin ağciyərlərində ciddi fəsad yaranıbsa, dəm qazı zəhərlənməsi zamanı ağciyər çatışmazlığı yarana bilər. Vaxt itirmədən həkim nəzarəti altında müayinə aparılmalı, oksigenin faiz dərəcəsi ölçülməlidir. Koronavirusa yoluxan şəxs (yaxud yanında olan qohumu)virusa nə zaman yoluxduğu, müalicə müddəti və s. barədə məlumat verməlidir”.

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Dövlət Agentliyinin baş məsləhətçi-baş müfəttişi Eldar Əhmədov “Yeni Müsavat”a bildirdi ki, hər il qaz istehlakçılarının sayının təbii olaraq artdığı nəzərə alınmalıdır:

“Əfsuslar olsun ki, istehlakçı sayının artması ilə mütənasib olaraq təhlükəsizlik tələblərinə laqeyd münasibət göstərənlərin də sayının artma ehtimalı yaranır. Bu da öz növbəsində hələ də dəm qazından zəhərlənmələrə yol açır. Odur ki, hər bir vətəndaş təhlükəsizlik qaydalarına ciddi yanaşmalı, aidiyyəti qurumların xəbərdarlıqlarına laqeyd münasibət göstərməmilidir. Bu gün aparılan araşdırmalar onu göstərir ki, zəhərlənmə halları həm vətəndaş məsuliyyətsizliyi, həm də qaz cihazlarının standartlara uyğun olmaması səbəbindən baş verir. İstehlakçı məsuliyyətsizliyi öz növbəsində standartalara uyğun olmayan qaz cihazlarının da istifadəsinə şərait yaradır. Qüvvədə olan normativ hüquqi aktların tələbinə görə həm təbii qazı, həm də dəm qazını aşkar edən qaz detektorlarının istehlakçı tərəfindən quraşdırılması məcburi tələbdir. Yeni istehlakçılarda bu tələblər qazpaylayıcı tərəfindən yoxlanıldıqdan sonar qazın verilişinə icazə verilir.

İlk növbədə, istehlakçılar tərəfindən birmənalı şəkildə qaz cihazı quraşdırılan və istifadə olunan otaqların daim maksimum səviyyədə havalandırılması (yəni birbaşa atmosferlə əlaqə) və yanmış qazların qaz cihazı quraşdırılmış otağa daxil olmaması təmin edilməlidir. Unutmayaq ki, dəm qazı ölüm təhlükəsi yaradır!

Bu təhlükədən qorunmaq üçün:

- qaz cihazı saz və standartlara uyğun olmalı;

- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Unutmayaq ki, dəm qazı iysizdir, hiss edilmir! Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!”

Qeyd edək ki, “Azəriqaz” İB-nin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı dəm qazından boğulma hallarının baş verməməsi üçün abonentləri daha da diqqətli olmağa çağırıb: “Çox xahiş edirik ki, səhlənkar olmasınlar, hamam otaqlarının standartlarına uyğun olduğuna və tüstü bacalarını vaxtında təmizlənməsinə nəzarət etsinlər”.

Xəbər lenti