Xəzər Xəbər

Şirkət avtomobillərinə də məhdudiyyət tətbiq edilsin-Nəqliyyat ekspertindən təklif

Cəmiyyət | 17:34 • 24 Oktyabr 2022
Şirkət avtomobillərinə də məhdudiyyət tətbiq edilsin-Nəqliyyat ekspertindən təklif

“Əsas hədəf nəqliyyat axınını təmin etmək, ictimai nəqliyyatın hərəkətini intensivləşdirmək, vətəndaşların işə, yaxud mənzil başına rahat, təhlükəsiz çatmasını təmin etməkdir”.

XəzərXəbər xəbər verir ki, bu fikri Musavat.com-a nəqliyyat eksperti Elməddin Muradlı yük avtomobillərinin Bakıya girişi ilə bağlı yeni qaydaları şərh edərkən deyib. O bildirib ki, bunun üçün ciddi addımlar atılmalıdır:
“Yük avtomobilləri ilə bağlı qəbul edilən qərar təqdirəlayiqdir. Yük avtomobillərinin günün istənilən vaxtında şəhərin mərkəzi küçələrinə daxil olması ciddi fəsadlar yaradır”.

Ekspert hesab edir ki, özəl şirkətlərə məxsus avtomobillərlə bağlı da tədbir görülməlidir: “Sürücülər dükanların yanında ikinci, hətta üçüncü cərgədə parklama edirlər. Bu halda yolda hərəkətin intensivliyi çətinləşir. Zəruri ərzaq məhsulları istisna olmaqla, digər məhsulların dükanlara çatdırılması üçün xüsusi vaxt müəyyənləşdirilməlidir. Marketlərin əksəriyyəti yol kənarında, məhəllədaxili yolların kənarında yerləşir. Yəni dayanma-durma üçün imkan yoxdur. 3-4 yük avtomobili eyni vaxtda dükanın qarşısında dayananda çətinlik yaranır. Bu baxımdan hesab edirəm ki, hökumət bununla bağlı da qərar verməlidir. Ən azı qeyri-ərzaq məhsullarının dükanlara çatdırılması axşam saat 8-dən səhər saat 6-7-ə qədər müəyyənləşsin”.

Qeyd edək ki, 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.

Həmçinin icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər.

Xəbər lenti

Çox oxunanlar