Xəzər Xəbər

Bakının tıxac problemi: 4 mühüm səbəb - Ekspertdən AÇIQLAMA

Cəmiyyət | 15:43 • 21 Oktyabr 2022
Bakının tıxac problemi: 4 mühüm səbəb - Ekspertdən AÇIQLAMA
Hər gün işdən çıxıb evə tələsənlər yolda saatlarla vaxt itirirlər. Səbəb isə hamımıza bəllidir: tıxaclar!
 
Bəs, paytaxtda niyə bu vəziyyət yaranır? Hərəkəti iflic edən tıxacların səbəbi nədir?
 
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, şəhərdə əksər ailələr avtomobil sahibi olmağa cəhd göstərir:
 
"Bu göstərici Azərbaycanda artsa belə, dünyanın inkişaf etmiş ölkələrilə müqayisədə 5-6 dəfə geri qalırıq. Azərbaycanda fərdi avtomobilərin sayı o qədər də yüksək deyil. Burada digər faktorlar var. Birincisi, nəzarət olunmayan urbanizasiyadır. Yəni, ölkədə mövcud olan avtomobil parkının əhəmiyyətli hissəsi paytaxt və onun ətrafında cəmləşib, baxmayaraq ki, biz uçotda fərqli rəqəmlər görə bilərik. Uçota nəzər yetirsəniz, görərsiz ki, 2015-ci illə müqayisədə Bakı şəhərində avtomobillərin sayında azalma baş verib. Faktiki vəziyyət isə tamamilə fərqlidir. Regionlarda iş tapa bilməyən, müvafiq sosial-iqtisadi infrastruktura əli çatmayan insanlar Bakı şəhərinə üz tuturlar. Əslində bütün planlama aparılarkən rəsmi qeydiyyatda olan mövcud rəqəmlər üzərindən yola çıxaraq aparılır. Amma faktiki olaraq burada yol infrastrukturundan tutmuş bütün xidmətlərə tələb iki dəfə daha çoxdur. Bunun özü səbəblərdən biridir".
 
R.Həsənovun fikrincə, tıxacların yaranmasının digər səbəbi nəqliyyatın düzgün idarə edilməməsidir:
 
"Əminəm ki, bu faktor əhəmiyyətli dərəcədə təsir göstərir. Təsəvvür edin, günün müxtəlif vaxtlarında, xüsusilə də səhər və axşam saatlarında tıxacla bağlı ciddi təzyiq yaranır. Bu istiqamətdə yol hərəkətinin tənzimlənməsində öhdəliyi olan Dövlət Yol Polisi həmin saatlarda yollarda yoxdur. Xüsusilə də müəyyən tıxacların formalaşmasını şərtləndirən dairələrdə, keçidlərdə, yol ayrıclarında DYP əməkdaşlarının dayanması bu problemi əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. Amma təəssüf ki, bu məsələyə diqqət yetirilmir. Eyni zamanda sürücü davranışı da tıxacların yaranmasına təsir göstərən faktorlardandır. Nəzərə almaq lazımdır ki, saatlarla tıxaclarda qalmış insanların artıq reaksiyası, davaranışları dəyişir".
 
Ekspert digər bir səbəb kimi ictimai nəqliyyatın inkişafında ciddi yol qət edilmədiyini göstərib:
 
"İctimai nəqiliyyat çox zəif inkişaf edib, güvənli deyil, hətta Bakıətrafı qəsəbələrdə bəzi hallarda əlçatan belə deyil. Bu da fərdi avtomobillərdən istifadəyə meyilliyi artırır. Digər tərəfdən, əmək bazarında olan mövcud iqtisadi vəziyyət ürəkaçan deyil. Ola bilər ki, bu rəsmi rəqəmlərdə öz əksini tapmayıb, amma Bakıətrafı qəsəbələrdə məşkunlaşmış insanlar dolanışığını taksi xidmətləri ilə təmin edir. Demək olar ki, işsizlik səbəbindən avtomobili olanların əksəriyyəti taxsi sürücülüyü ilə məşğul olur. Burada müxtəlif konseptlər var. Bunlardan biri də manatlıq taksi konseptidir. Əhalinin əhəmiyyətli hissəsi bu konseptdən istifadə edərək xidmətlər təklif edir. Bakıətrafı qəsəbələrlə Bakı arasındakı avtomobil axınında bu xidmətləri göstərənlərin sayı kifayət qədər çoxdur. ütövlükdə yaranmış mənzərə əslində bu günə qədər aparılan palanlama və görülən işlərin səmərəsizliyini özündə ehtiva edir".
 
Baku Post

Xəbər lenti

Çox oxunanlar