Xəzər Xəbər

Azərbaycan üzrə toplu maliyyə balansı ləğv edilir

Cəmiyyət | 12:14 • 23 Sentyabr 2022
Azərbaycan üzrə toplu maliyyə balansı ləğv edilir

Azərbaycan üzrə toplu maliyyə balansı ləğv edilir.

Bununla bağlı “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanuna dəyişiklik layihələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi ölkə üzrə toplu maliyyə balansının ləğv edilməsi, İcmal Büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə fondu və İşsizlikdən Sığorta fondunun büdcəsinin icrası barədə hesabatların Milli Məclisə təqdim olunmasının istisna edilməsini əhatə edir.

Qanunlara dəyişiklik layihələri "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanununun (bundan sonra – Qanun) tətbiqini təmin etmək məqsədilə hazırlanıb.

Belə ki, adıçəkilən Qanunla büdcədənkənar fondların həm də hüquqi şəxs yaratmadan müstəqil pul vəsaitlərinə malik məqsədli dövlət maliyyə fondları kimi təsis edilə bilməsi müəyyən olunur. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri icmal büdcədən istisna edilir. Eyni zamanda büdcə ssudalarıicmal büdcə xərclərinin yuxarı həddiicmal büdcənin qeyri-neft baza kəsiri və ortamüddətli dövr anlayışları yeni redaksiyada verilir. Həmçinin Qanuna yeni transferticmal büdcənin gəlirləri və icmal büdcənin xərcləri anlayışları əlavə olunur.

Bəhs olunan Qanunla büdcə qaydasını tənzimləyən maddə yeni redaksiyada verilir. Yeni redaksiya ilə ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula olan nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula olan nisbətinin Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən yuxarı hədlərdən çox ola bilməməsi və bu yuxarı hədlərin isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən xam neftin ixrac qiyməti əsasında hesablanması müəyyən edilir.

Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunan sənədləri tənzimləyən maddədən Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı və növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin funksional, iqtisadi və təşkilati təsnifatının paraqrafları səviyyəsində) müqayisəsi çıxarılır və həmin maddədə digər dəyişikliklər edilir. Büdcə təşkilatlarının və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların həmin vəsaitlərdən istifadə barədə aylıq hesabatları ləğv edilir. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun hüquqi şəxs yaratmadan müstəqil pul vəsaitlərinə malik büdcədənkənar fond olması müəyyən edilir.

Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondları arasında qarşılıqlı əlaqəni tənzimləyən maddədə bir sıra dəyişikliklər edilir. Büdcədənkənar dövlət fondlarının idarə olunması, onların vəsaitlərinin istifadəsi və uçotunun həmin büdcədənkənar dövlət fondlarının fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun həyata keçirilməsi müəyyən edilir. Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinin tədbirlər planı vasitəsilə həyata keçirilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarına aid edilir.

Həmçinin, Qanunda hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddi həmin fondların büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməməsi, onların maliyyə əməliyyatları barədə illik hesabatları dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim olunmaması müəyyən edilir.

Qeyd olunan dəyişikliklər Qanunda daxili ziddiyyətin aradan qaldırılması, eləcə də “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi zərurətini də yaratmışdır.

Onlar aşağıdakılardır:

Qanunun 12-ci maddəsindən Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansının (12.1.9) çıxarılması səbəbindən həmin sənədi hazırlayan Maliyyə Nazirliyinin təklifi ilə Qanundan “toplu maliyyə balansı” anlayışının (maddə 1.1.22) çıxarılması nəzərdə tutulur.

Qanunun 27.2-ci maddəsinə əsasən, büdcədənkənar dövlət fondlarının xərcləri icmal büdcənin xərclərinə daxil edilərkən Dövlət Neft Fondunun əməliyyat xərcləri və beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı olan xərclər isə istisna edilir. Bu hal isə yeni daxil edilən 1.1.31-2-ci maddə ilə ziddiyyət yaratdığı üçün həmin xərclərin sonuncu maddə də istisna edilməsi zərurətini yaradır.

Qanunun 15.4-cü və 19.5-ci maddələrinə edilən dəyişikliklər redaktə baxımından dəqiqləşmə və Vergi Məcəlləsinin 22-1.3-cü maddəsi ilə ziddiyyətin aradan qaldırılması məqsədini daşıyır.

Qanunun 27.9-cu maddəsində hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının maliyyə əməliyyatları barədə illik hesabatlarının dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim olunması; Qanunun 27.5-ci maddəsinə görə isə Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Hesablama Palatasının və büdcədənkənar dövlət fondlarının rəyi nəzərə alınmaqla, Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Həmin büdcədənkənar dövlət fondları bu hesabatları ölkə Prezidentinə, Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim etməklə rübdə bir dəfə mətbuatda dərc etdirirlər. Ziddiyyətə yol verilməməsi üçün hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondları olan dövlət sosial müdafiə fondu və işsizlikdən sığorta fondu 27.9-cu maddədə istisna olunur.

Qanunun 1.1.5-ci, 1.1.31-1-ci və 1.1.31-2-ci maddələrini nəzərə alaraq, işsizlikdən sığorta fondunun hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu olmasının dəqiq əks olunması üçün “İşsizlikdən sığorta haqqında” Qanunun 20.1-ci maddəsinə dəyişiklik təklif olunur.

2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanunla 27.7-ci maddəyə edilən dəyişikliyə əsasən, Hesablama Palatası yalnız “Büdcə sistemi haqqında” Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və həmin büdcədənkənar dövlət fondlarının icrasına dair illik hesabatlara rəy verir. Bunu nəzərə alaraq, “Hesablama Palatası haqqında” qanuna dəyişikliklər təklif edilir. (report)

 

Xəbər lenti

Çox oxunanlar