Dövlət Turizm Agentliyi Şuşa rayonunun Daşaltı kəndinə ekoturizm marşrutları yaratmağı planlaşdırır.
XəzərXəbər xəbər verir ki, bu barədə Report-a qurumun sədr müavini Azadə Hüseynova məlumat verib.
"Daşaltı kəndinə müxtəlif piyada yollarının təşkil edilməsi, eləcə də bu ərazini Şuşa şəhəri ilə birləşdirən piyada yolun tədqiq edilməsi və öyrənilməsi nəzərdə tutulur. Daşaltının ekoturizm imkanları genişdir. Konseptual olaraq bu məsələni işləmişik, reallaşması isə tam olaraq bizdən aslı deyil, çünki təhlükəsizlik baxımından digər qurumlarla razılaşdırılmalıdır. Növbəti illərdə çalışacağıq ki, bu istiqamətdə real işlər görülsün”, - deyə o, qeyd edib.
A.Hüseynovanın sözlərinə görə, hazırda vacib məsələlərdən biri Şuşanın mədəni turizm məkanı kimi təbliğ edilməsiidir: “Şuşa zəngin mədəni irsi ilə Azərbaycanın mədəniyyət paytaxtıdır. Hazırda turizm nöqteyi nəzərdən planlardan birincisi Şuşanın mədəni məkanı kimi inkişaf etdirilməsidir. Artıq müxtəlif qurumlar birgə Şuşaya turlar təşkil edir".
Xatırladaq ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bir qədər əvvəl bəyan edib ki, şəhərin girişində - Daşaltı kəndində turizm mərkəzləri tikiləcək və bu, Şuşanın turizm potensialını daha da artıracaq.