Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru Cahangir Əlabbasov ibtidai sinif müəllimini döyməsi ilə bağlı ittihamlara aydınlıq gətirib.
Bu barədə Modern.az-a açıqlama verən direktor müəllim Fatma Musayeva ilə mübahisənin dərs bölgüsü üstündə baş verdiyini deyib.
Adıçəkilən müəllimin sertifikasiya imtahanından keçmədiyini deyən C.Əlabbasov F.Musayevanı döymədiyini, əksinə onun tərəfindən təhqirlərə məruz qaldığını iddia edib: “Həmin müəllim sertifikasiya imtahanından keçməyib. Ona 5 saat dərs düşdüyü halda, biz 14 saat dərs vermişdik. İkinci sinifdə dərs deyir. Dava bir saat dərsə görə olub. Əlavə bir saat dərsin verilməsini tələb etdi. Mən bunun mümkün olmadığını izah etməyə çalışdım. Bundan qəzəblənib məni təhqir etməyə başladı, haqqımda “alçaq”, “ləyaqətsiz” kimi sözlər işlətdi. Otağı tərk etməsini tələb etdim. Otaqdan çıxandan sonra qışqırmağa başladı. Dedi ki, guya mən onu vurmuşam. Məsələ ilə bağlı rayon Təhsil İdarəsindən nümayəndələr gəlib, araşdırma apardılar. Məlum oldu ki, müəllimi vurmamışam”.
C.Əlabbasov hazırda həmin müəllimin dərsdə olduğunu vurğulayıb.
Qeyd edək ki, bu gün yerli mətbuatda Goranboy rayon Kələk kənd tam orta məktəbinin direktorunun müəllimi döyməsi haqda xəbərlər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə barədə Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub. Hazırda araşdırma aparılır.