Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddəti uzadılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edilib.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti noyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, daha əvvəl bu müddət sentyabrın 1-dək uzadılmışdı.