Dövlət İmtahan Mərkəzi qəbul planı 95 faizdən çox dolan ali təhsil müəssisələrinin adlarını açıqlayıb.
DİM-dən xezerxeber.az-a bildirilib ki, siyahıda 23 ali təhsil müəssisəsinin adı var.
Qəbul planı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 99,67 faiz, Azərbaycan Dövlət İqtisad Universitetində 99,53, Bakı Biznes Universitetində 99,46, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 99,40, Azərbaycan Turizm və Menecment Universitetində 99, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 98,83, Bakı Dövlət Universitetində 98,29, Azərbaycan Dillər Universitetində 98,10 faiz dolub. Həmçinin qəbul planı yerləri Bakı Mühəndislik Universitetində 97,78 faiz, Azərbaycan Dövlət Pedaqoji Universitetində 97,65, Sumqayıt Dövlət Universitetində 97,65, Azərbaycan Texniki Universitetində 97,62, Azərbaycan Memarlıq və İnşaat Universitetində 97,54, “Odlar Yurdu” Universitetində 97,40, Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri) 96,52, Milli Aviasiya Akademiyasında 95,93, Bakı Slavyan Universitetində 95,62 faiz dolub.
Xatırladaq ki, Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında plan yerləri 100 faiz dolub.