Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün yekunlaşır.
Xezerxeber.az xəbər verir ki, sertifikatlaşdırmanın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 11 min ibtidai sinif müəllimi cəlb olunub. Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsində onlara tədris etdikləri fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
Sertifikasiya ilə bağlı həvəsləndirmə tədbiri olaraq keçid balı toplamış müəllimlərin əməkhaqqına 10 faiz, 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə ödəniləcək. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
İki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olan sertifikatlaşdırmada ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) iştirak etməyəcəklər.
Xatırladaq ki, test imtahanı mərhələsinə avqustun 30-dan başlanılıb.