Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycan arasında uzunmüddətli və hərtərəfli sülhün bərqərar olması üçün hər şeyi edir.
Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə deyib.
Diplomat xatırladıb ki, dövlət katibi Entoni Blinken bundan əvvəl hər iki ölkənin liderləri ilə telefon danışığı aparıb.
"Biz Qarabağda insan tələfatı ilə nəticələnən son döyüşlərlə bağlı dərin narahatlığımızı bildirdik. Gərginliyi azaltmaq və tərəfləri təcili addımlar atmağa çağırdıq", - Prays bildirib.
Dövlət Departamenti rəsmsinin sözlərinə görə, son eskalasiya Qarabağ münaqişəsi ilə bağlı fundamental problemlərin sabit və hərtərəfli həllinə ehtiyac olduğunu bir daha nümayiş etdirir.
O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar tərəflərlə əlaqə saxlamağa sadiqdir:
“Vaşinqton həm ikitərəfli formatda, həm də Avropa İttifaqındakı həmfikir tərəfdaşlarla, eləcə də ATƏT-in Minsk qrupunun amerikalı həmsədrliyi çərçivəsində əməkdaşlıq edəcək”.
Xatırladaq ki, avqustun 3-də Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi şəhid olandan sonra ordumuz Qarabağda separatçılara qarşı “Qisas” əməliyyatı keçirib. (modern)