Xəzər Xəbər

Valideynlərin NƏZƏRİNƏ - Yeni forma almayanlar o halda məktəbə buraxılacaqlar ki…

Formalar hansı rəngdə olacaq?
Cəmiyyət | 14:10 • 17 Avqust 2022
Valideynlərin NƏZƏRİNƏ - Yeni forma almayanlar o halda məktəbə buraxılacaqlar ki…

Bu gündən məktəbli formaları satışa çıxarılıb. Bakı Tikiş Evi səhər saat 9-dan qapılarını alıcıların üzünə açıb.

Xezerxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, müştəriləri qurumun satış müdiri Etibar Əzimov qarşılayır.

Onun sözlərinə görə, bu il yalnız ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan formalar hələlik sadəcə BTE-də satılır, ancaq yaxın günlərdə valideynlər “Bravo” marketlər şəbəkəsindən də bunları əldə edə biləcəklər. Məktəbli formalarının digər mağaza və iri ticarət mərkəzlərində satışı isə qadağandır.

Qurum rəsmisi işbazların hər il bu durumdan istifadə edib valideynləri tələyə salmasından gileylənir:

“Çindən və başqa yerlərdən bənzər məhsulu gətirib satırlar, üzərinə də bizim emblemi yapışdırırlar. Ancaq diqqətlə baxsaq, görərik ki, parça eyni deyil. Alıcılar buna diqqət etməlidirlər. Bizim builki formalarımız yun və pambıqdan hazırlanıb. Keyfiyyəti yüksəkdir. “Sədərək” ticarət mərkəzində bizim məhsullar satılmayacaq. Bilsinlər ki, biz ora mal verməyəcəyik”.

Etibar Əzimov formaların rəngindən də söz açıb:

“Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Qərarda geyimlər dörd rəngdə (tünd-göy, tünd-boz, xaki, açıq-qəhvəyi) nəzərdə tutulub. Ancaq Bakı Tikiş Evində iki rəngdə (ağ köynək, göy şalvar və ətək, mavi köynək, boz şalvar, ətək) məktəbli formaları tikilir. Birinci dəstə ağ köynək, göy şalvar və ətək, ikinci dəstə isə mavi köynək, boz şalvar və ətək daxildir. Çünki əsas tələb bu rənglərədir, heç kim xaki rəngdə forma almır”.

Alıcılara nəzər saldıqda isə əksəriyyətin mavi dəstlərə meyil etdiyini görürük. Düzü, ilk gün olsa da, mərkəzdə alıcılıq qabiliyyəti elə də yüksək deyil. Gələnlər də dəstin bütün hissələrini yox, hələlik əsas iki hissəsini - köynək və şalvarı/ətəyi alıb gedirlər.

Valideynlərdən biri builki qiymətlərdən razı qaldıqlarını bildirib:

“Qiymətlər elə də baha deyil. Üstəlik, bütün məhsulları birdən almaq kimi məcburiyyət də yoxdur.

Hissə-hissə ala bilərik. Ötən il formanı mağazaların birindən almışdıq və daha baha idi. İlk dəfədir ki, buraya gəlirik, məhsullardan çox razı qaldıq. Boz formaların keyfiyyəti yüksəkdir”.

Nərgiz Mirzəyeva adlı müştəri də qiymətlərdən məmnun qaldığını deyir:

“Keçən il tamam fərqli mağazadan almışdıq, təkcə şalvar-köynəyə 80 manat pul vermişdik, ancaq keyfiyyəti yaxşı idi. İndi buradan göy forma aldıq, cəmi 39 manat pulumuz çıxdı, amma keyfiyyətinin necə olacağını hələ ki bilmirik”.

Qeyd edək ki, bu il həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manat müəyyənləşib. Gödəkçələr isə formaya daxil deyil. Yuxarı siniflər üçün forma tikilişi nəzərdə tutulmayıb. Ümumilikdə isə birinci sinif şagirdlərindən başqa, digər bütün şagirdlər keçən ildən qalan paltarlarını, rənglər eynidirsə, bu il də geyinə bilərlər.

 

Xəbər lenti