Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil:
"Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük. Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil.
Onlar heç bir əsası olmadan özləri özlərini ekspert adlandırır və kimlərisə öz yanına pul müqabilində xidmət göstərməyə dəvət edirlər. Belə insanlara etibar etmək olarmı?”
Bizim.Media-ya açıqlamasında DİM sədrinin sözügedən fikirlərinə münasibət bildirən təhsil eksperti Ramal Şəmşədlinin fikrincə, DİM rəhbəri həmin işi özləri bacarmadıqlarına görə, başqalarının onu etməsinə qısqandığından belə fikir səsləndirir:
“Əslində bir ixtisas seçimi deyil, qrup seçimi də vacib məsələdir. Cəmiyyətimizdə ixtisas və qrup seçimində problem var. Məsələn, I qrupa imtahan verən minlərlə gəncimizin riyaziyyat fənni üzrə bazasının olmadığı üzə çıxır. Onda nəyə görə I qrupu seçirlər? Təklif verdik ki, IX sinifdə keçirilən buraxılış imtahanının əvəzinə, ixtisas seçimi imtahanı versinlər. Bu yolla şagirdin potensialını müəyyənləşdirmək olar. Əksər valideynlər uşaqlarını düzgün şəkildə istiqamətləndirə bilmir. Məktəblərdə isə ixtisas seçimi üzrə köməklik göstərən yoxdur”.
Ekspert DİM-i ixtisas seçimi məsələsində alternativ ortaya qoymağa çağırdı:
“Məleykə Abbaszadə ixtisas seçimini başqalarına həvalə etməyi düzgün saymır. Amma ona alternativin nə olduğunu da demir. Çünki ixtisas seçiminə köməklik üçün onların heç bir yerdə belə xidmət mərkəzləri yoxdur. Onda gənclərimiz kimlərə müraciət etməlidir?
İxtisas seçimində yardım edənlər peşəkar mütəxəssislərdir. Bunu DİM olaraq edə bilmirsə, yaxud etmək istəmirsə, niyə valideyn uşağının iztisas seçimini peşəkarlara həvalə etməsin? Yəni 3 il ərzində uşağın hazırlığına pul xərcləyən valideyni ixtisas seçimi zamanı 100 manat xərcləməsi narahat etməlidir ki?”.