Bu il tam orta təhsil bazasından məzun olanların sayı 92 min 699 nəfərdir. Ötən il bu rəqəm 83 min 29 idi. Yəni bu il 9670 nəfər daha çox məzun var.
Xezerxeber.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin başlanması ilə əlaqədar mətbuat konfransı keçirib.
DİM rəhbəri deyib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 min 881 plan yeri ayrılıb: "Ötən il plan yeri 49 min 998 idi. Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23 min 627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur.
Bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir, lakin ixtisas qrupları üzrə ayrıca rəqəmlərə baxsaq fərqli müsabiqə vəziyyətinin yarandığını görürük. Məsələn, I ixtisas qrupunda 16419 plan yeri ayrılıb. Müsabiqədə iştirak etmək hüququ olanlar isə 19 min 30 nəfərdir. İkinci qrupda isə 12 min 232 plan yeri var. Müsabiqə iştirakçılarının sayı isə 9 min 804 nəfərdir. Bu o deməkdir ki, faktiki II qrupda hər bir şəxsin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var".
O qeyd edib ki, “Abituriyent” jurnalının 4-cü nömrəsində 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu təqdim olunub.
Xatırladaq ki, ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsindən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər. Yeri gəlmişkən həmin ixtisaslar üzrə ümumilikdə plan yeri 10 min 620-dir. Ancaq nəzərə almaq lazımdır ki, bu ixtisasların müsabiqəsində 200-dən artıq bal toplayan abituriyentlər də iştirak edə bilərlər.
I və IV ixtisas qruplarında kənd təsərrüfatı profilli ixtisaslar üzrə (I qrupda 1060 yer, IV qrupda 400 yer, ümumilikdə 1460 yer) həm dövlət sifarişi əsasında, həm ödənişli əsaslarla ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.