İxtisas seçimi zamanı 15 kodu, yəni ixtisası ərizəyə daxil etmək imkanı verilir. Kimsə 1, kimsə 5, kimsə də bütün yerləri yaza bilər.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin başlanmasl ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.
M.Abbaszadə deyib: “Əsas odur ki, bu ardıcıllıq istəyin azalması istiqamətində olsun. Yəni abituriyent ən çox istədiyi ixtisası birinci yerdə yazmalıdır. Abituriyent istəmədiyi ixtisası ilk yerlərdə yazarsa və həmin ixtisasa qəbul olarsa, müsabiqədən sonra balınızın daha çox istədi, amma daha aşağı yerlərdə yazdığı ixtisasa çatdığını görəndə artıq gec olacaq. Amma nəzərə alınmalıdır ki, müsabiqə zamanı üstünlük yalnız imtahan nəticəsinə verilir, yəni müsabiqə zamanı daha yuxarı bal toplayan abituriyent hər hansı ixtisası sonuncu yerdə yazsa belə o, həmin ixtisası birinci yerdə yazan, lakin daha aşağı bal toplayan abituriyentdən üstün olur”.
Bu gündən başlanan ixtisas seçimi avqustun 28-dək davam edəcək.