Ola bilsin abituriyent bu il zəif hazırlaşıb və istədiyi yerə qəbul ola bilməyib. Bu son deyil axı. Abituriyent yenə də hazırlaşıb ali məktəbə qəbul ola bilər. Bu mərhələdə də biz dəstək verməyə hazırıq.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.
Məleykə Abbaszadə deyib: “DİM-in e-psixoloq.az portalı var. Orada siz həm psixoloji dəstək ala bilərsiniz, həm də təhsil karyeranız, istək və bacarıqlarınıza uyğun peşələrin müəyyən edilməsi üçün psixoloji testlərdən keçə bilərsiniz. Bu imkanlardan yararlanmaq lazımdır.
İxtisas seçimi ailə çərçivəsində müzakirə olunmalıdır. Valideynlə ödənişli və ya dövlət sifarişli yerləri yazmaqda məsləhətləşmək lazımdır. Hansı regionda yerləşən universiteti yazmağı seçəndə orada oxumaq, qalmaq imkanları sizə ən yaxın insanlarla müzakirə olunmalıdır”.
Bu gündən başlanan ixtisas seçimi avqustun 28-dək davam edəcək.