Bu il ali təhsil müəssisələrinə imtahan vermədən qəbul olmaq üçün 20 min 229 subbakalavr müraciət edib. Ötən il 19 min 295 nəfər ərizə təqdim etmişdi.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin başlanması ilə əlaqədar mətbuat konfransında söyləyib.
M.Abbaszadə qeyd edib ki, ötən il 6810 subbakalavr ali təhsil müəssisələrinə qəbul ola bilmişdi. Bu il plan yerləri və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayını nəzərə alsaq yalnız ikinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur.
İxtisas seçimi bu gün başlanıb və avqustun 28-dək davam edəcək.
Xatırladaq ki, subbakalavrlar ali təhsil müəssisələrinin müsabiqəsində müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər balla iştirak edirlər (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra). İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Qeyd edək ki, imtahansız qəbul subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunlarına aiddir.