Bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir, lakin ixtisas qrupları üzrə ayrıca rəqəmlərə baxsaq, fərqli müsabiqə vəziyyətinin yarandığını görürük.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
M.Abbaszadə bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51881 plan yeri ayrılıb. Ötən il plan yeri 49998 idi. Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur.
Onun sözlərinə görə, I ixtisas qrupunda 16419 plan yeri ayrılıb: "Müsabiqədə iştirak etmək hüququ olanlar isə 19030 nəfərdir. İkinci qrupda isə 12232 plan yeri var. Müsabiqə iştirakçılarının sayı isə 9804 nəfərdir. Bu o deməkdir ki, faktiki II qrupda hər bir şəxsin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var".