2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat IV qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, 2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3170, rus bölməsi üzrə 300, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 510 olmaqla ümumilikdə 3 min 980 plan yeri nəzərdə tutulur. 2 min 635 yer üzrə qəbul dövlət sifarişi əsasında aparılır.
Psixologiya və kimya ixtisaslarının hər biri üçün dövlət sifarişi üzrə ayrılmış 25 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Tibb ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 90 yerin müsabiqəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Bu il IV qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. Bu barədə ətraflı məlumatla IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada və Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.
Xatırladaq ki, avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.
Hər bir ixtisas üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı və dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali təhsil müəssisələrinin siyahısı və ayrı-ayrı ixtisasların ali məktəblər üzrə plan yerlərinin sayı, onların kodları, təhsil formaları (əyani, qiyabi) və təhsil haqqının məbləği “Abituriyent” jurnalının 2022-ci il 4-cü nömrəsində dərc olunub.