Xəzər Xəbər

Güllüyə girən, yuxulayan, qadınlarla dalaşan taksi sürücüləri: Problem nə vaxt bitəcək?

Cəmiyyət | 09:17 • 13 Avqust 2022
Güllüyə girən, yuxulayan, qadınlarla dalaşan taksi sürücüləri: Problem nə vaxt bitəcək?

Son bir neçə həftədir ki, taksi sürücüləri ilə bağlı narazılıq halları artıb. Ötən gün sükan arxasında yuxulayan sürücü idarəetməni itirərək, maşını yol kənarında satış üçün nəzərdə tutulan gül və ağacların olduğu əraziyə aşırıb. Xoşbəxtlikdən, maşında müştəri olmayıb. Sürücü özü bədən xəsarətləri alıb.

Qəza xəbərlərindən, az qala, hər üçüncüsü taksilərin, xüsusilə də “Toyota Prius”ların payına düşür.  

Bundan başqa, taksi sürücülərinin xüsusilə qadın müştərilərlə kobud davranışlarını əks etdirən görüntülər dəfələrlə gündəm olub.

Bəs görəsən, belə halların artmasının səbəbi nədir? Burada əsas məqam sürücü məsuliyyətsizliyidir, yoxsa başqa məqam var?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat eksperti Fərhad Eyyubov deyib ki, taksi daşımalarına ümumi bir formada nəzarət mexanizmi yoxdur:

F.Eyyubov qeyd edib ki, taksi daşımalarında standart vəziyyət yaradılmalıdır:

“Yaxşılardan söhbət getmir. Bir-iki nəfər aqressiv olanda anında ictimailəşdirirlər. Taksi daşımaları hazırda Bakı şəhərində problemdir. Bunun mərkəzi yoxdur. Əvvəllər Bakı Nəqliyyat Agentliyi nəzarət edirdi. İndi isə nəzarət edə bilmir. Taksilər müxtəlif firmalara məxsusdur.

Taksi sürücüləri şəhəri yaxşı tanıyan, ünsiyyəti bacaran, peşəkar, aqressiv olmayan, yol-hərəkət qaydalarını bilən olmalıdırlar. Sağlam düşüncəli insanlar olmalıdırlar. Tam bu keyfiyyətlərə cavab verən taksi sürücüləri yoxdur”.

Fərhad Eyyubovun sözlərinə görə, daşımaların keyfiyyətinə nəqliyyat vasitələrinin durumu da təsir edir:

“Təhlükəsizlik təmin edilməli, qapıların açılıb-bağlanması rahat olmalıdır. Bunların heç biri yoxdur. Ona görə də belə hallar baş verir. Həmişə də olub, yenə də olacaq. Nəzarət, idarəetmə mexanizmləri olmasa, bu məsələləri yerinə yetirmək çox çətin olar”.

“Bizim sərnişinlər bəzən kobudluq edirlər. Elə insanlar var ki, otururlar taksiyə, düşünürlər ki, nə istəsələr, onu edə bilərlər. Amma elə deyil. Bu da aqressiya yaradır. Maarifləndirmə işləri aparılmalıdır”, - deyə ekspert sərnişinlərə də müraciət edib.

Xəbər lenti