Xəzər Xəbər

Uşaqların alkoqolik, tütün aludəçisi olmaması üçün valideynlər nə etməlidirlər? – Pediatr AÇIQLADI

Cəmiyyət | 14:54 • 10 Avqust 2022
Uşaqların alkoqolik, tütün aludəçisi olmaması üçün valideynlər nə etməlidirlər? – Pediatr AÇIQLADI

Ötən gün sosial şəbəkələrdə azyaşlıların spirtli içki qəbul etməsi ilə bağlı görüntülər yayıldı. Yəqin ki, hər kəsə bunun müşahidə etdiyimiz ilk belə hadisə olmadığı məlumdur. Çünki Azərbaycanda onlarla, bəlkə də, yüzlərlə yetişkin fərd əyləncə məclislərində ya övladlarının ağzına siqaret tutuşdurub onu videoya çəkir, ya da məclislərdə 5-10 yaşlı uşaqlara içki içirtməyə çalışır. Bunlar azmış kimi, uşaqlar kiçik yaşda valideyn diqqətsizliyi, qohum-qonşu ərincəkliyinə görə mağazalara alkoqol və siqaret almaq üçün göndərilirlər.

Düşünülmədən atılan bu addımların uşaqlara əks-təsiri nələrdir? Gələcəkdə hansı fəsadlara yol açır?

XəzərXəbər xəbər verir ki, mövzu barədə oxu.az-a danışan pediatr Qoşqar İsmayılov azyaşlı uşağı olan ailələrdə spirtli içki və siqaretdən istifadənin yolverilməz olduğunu vurğulayıb:

“Bu mövzu bizdə həmişə aktual olub. Uşaqların spirtli içki içməsi, siqaret çəkməsi qəbuledilməzdir. Buna valideynlərin həmin məhsullara meyilli olması da yol açır. Ona görə də həmişə tövsiyə edirik ki, övladlarının yanında spirtli içki içməsinlər, siqaret çəkməsinlər, bacarırlarsa, tamamilə tərgitsinlər. Çünki bu, həm özləri, həm də ətrafdakı insanlar, xüsusilə körpələr üçün zərərlidir. O baxımdan ən çox da körpə olan ailələr məsələdə diqqətli olmalıdırlar”.

Mütəxəssis məhsulların ziyanlı tərəflərindən də söz açıb:

“Siqaret ilk növbədə ağciyərlərə zərər vurur, damarların tıxanmasına yol açır, gələcəkdə ateroskleroza və müxtəlif ürək xəstəliklərinə səbəb olur. Həmçinin ayaqlarda ağrılar, axsamalar yarada bilir. Spirtli içkilər isə mədə-bağırsaq sistemindən başlamış mədəaltı vəzinin xəstəliklərinə qədər gətirib çıxarır. Uzun müddət istifadə olunanda alkoqolik psixozlara səbəb olur. Ona görə də sağlamlıq üçün bunların istifadəsinə son qoymaq lazımdır. Bunu həm özləri, həm cəmiyyət, həm də övladlarının sağlamlığı üçün etməlidirlər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Tütün və tütün məmulatları haqqında” Qanununun 15-ci maddəsinə əsasən, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışı qadağandır. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənədi tələb etməlidir.

İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsinin 2-ci bəndinə görə, etil (yeyinti) spirti, alkoqollu və energetik içkiləri və ya tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satan şəxslər 100 manat məbləğində cərimə olunurlar.

Xəbər lenti

Çox oxunanlar