Xəzər Xəbər

Tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılacaq

Cəmiyyət | 13:59 • 11 İyun 2022
Tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılacaq

İyunun 13-də 2022-2023-cü dərs ili üzrə tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılacaq.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən qeyd edilən tarixdən məktəb və müəllim seçiminə dair sorğular yerləşdirilə bilər.

Həmin tarixdən rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi və prioritetlər üzrə üstünlüyə malik olmayanlar üçün müsabiqəyə yazılma (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla) prosesinə də başlanılacaq.

İyunun 20-də rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə müsabiqəyə yazılma prosesi bitir. İyunun 21-30-da müsabiqələrin keçirilməsi planlaşdırılır. İyulun 5-də isə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin aparılması prosesinə başlanılacaq.

Xəbər lenti

Çox oxunanlar