Xəzər Xəbər

İndiyədək 700-dən çox uşaqdan topuq testi götürülüb

Cəmiyyət | 12:28 • 10 İyun 2022
İndiyədək 700-dən çox uşaqdan topuq testi götürülüb

Bu günədək topuq testi müayinələrinə 700-dən çox körpə cəlb olunub.

Xezerxeber.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Rüstəm Hüseynov deyib.

Onun sözlərinə görə, topuq testi irsi xəstəliklərin erkən aşkarlanması üçün vacibdir: “Bəzi anadangəlmə xəstəliklər uşaq doğulduqdan sonra ilk günlərdə heç bir əlamətlərlə özünü büruzə vermir və ya kliniki simptomları spesifik olmur. Topuq testinin tətbiqi ilə həmin xəstəlikləri erkən mərhələdə aşkarlamaq, xəstələri isə vaxtında müalicəyə cəlb etmək mümkün olur. Bu isə öz növbəsində uşaqlar arasında əlillik hallarının və genetik mübadilə pozulmaları ilə bağlı ölüm hallarının sayının azalmasına səbəb olur. Testin bütün doğum evlərində götürülməsi nəzərdə tutulub. Respublika Perinatal Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Sumqayıt Perinatal Mərkəzində prosesə start verilib. İnstitutun əməkdaşları tərəfindən müvafiq dövlət tibb müəssisələrinin həkim və tibb bacılarından ibarət heyətinə təlimlər keçirilir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə yenidoğulmuşların skrininqi uşaqlar üçün mütləq vacib olan testlər siyahısına daxil edilib. Topuq testi yenidoğulmuşların dabanından qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan iki gün sonra, vaxtından tez doğulan uşaqlardan isə 1 həftə sonra götürülür. Doğum evlərində götürülən nümunələr aborator müayinə üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilir. İnstitutun laboratoriyasında nümunələr üzrə beş irsi xəstəliyin aşkarlanması mümkündür. Bura fenilketonuriya, qalaktozemiya, kistik fibroz, adrenogenetal sindromu və hipotireoz xəstəlikləri aiddir.

Xəbər lenti