Xəzər Xəbər

Çimərlik mövsümü başlayır, yeni virus təhlükəlidirmi? – İnfeksionist AÇIQLADI

Cəmiyyət | 17:44 • 6 İyun 2022
Çimərlik mövsümü başlayır, yeni virus təhlükəlidirmi? – İnfeksionist AÇIQLADI

“Ümumilikdə götürdükdə dənizlə bağlı açıq hava olduğu üçün hər hansı bir infeksiya riski yoxdur. Amma hava-damcı yolu ilə yoluxan xəstəliklərdə ehtimal bir qədər artır”.

Bu sözləri açıqlamasında infeksionist-hepatoloq dr. Mərdan Əliyev çimərlik mövsümündə infeksiya riskləri barədə danışarkən deyib:

“Dəniz kənarında hava rütubətli olur və belə yerdə də xəstə şəxsin tənəffüs yollarından çıxan virusla dolu damcılar daha çox havada qala bilir və digərlərini daha asanlıqla yoluxdura bilər. Amma bu ehtimal o qədər də çox deyil. Əgər insanlar o qədər də sıx təmasda deyillərsə və yaxud da yaxın məsafədən söhbət etmirlərsə, belə olan halda virusun o qədər də yoluxma riski yoxdur”.

Mütəxəssis COVID-19 və meymunçiçəyinə yoluxma məsələsinə gəlincə isə deyib ki, su yolu ilə hər hansı bir virusa yoluxma ehtimalı yoxdur:

“Yalnız dəniz kənarında havadan asılı qalan hissəciklərin sağlam insanların tənəffüs yoluna daxil olması ilə yoluxma baş verə bilər. Ona görə də dəniz kənarı açıq hava olduğu üçün hər hansı problem görmürəm”, deyə o söyləyib.

M.Əliyev meymunçiçəyinin koronavirusdan fərqli olaraq simptomsuz keçmədiyini xatırladıb: 

“Meymunçiçəyi xəstəliyi hazırda Azərbaycanda yoxdur. Eyni zamanda bu xəstəlik koronavirusdan fəqli olaraq simptomsuz şəkildə də getmir. Yəni şəxs meymunçiçəyi xəstəsidirisə, o adamın dənizə getməyə halı olmur. Meymunçiçəyinə yoluxmuş şəxsdə qızdırma, halsızlıq, dəri səpgiləri kimi simptomlar baş verir ki, bu da kənardan asanlıqla görünür. Amma koronavirusa yoluxanlar arasında zahirən sağlam şəxslər 90% təşkil edirdi və onlar asanlıqla digərlərini yoluxdururdular. Meymunçiçəyi xəstəsini isə kənardan aşkarlamaq asan olduğu üçün digər şəxslər özünü ondan gözləyə bilər. Dəniz mövsümü hazırkı vəziyyət üçün infesiyanın yayılmasında risk faktoru ola bilməz”, - həkim əlavə edib.

Qeyd edək ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək./Ölkə.Az

Xəbər lenti

Çox oxunanlar