Azərbaycanda pensiyaçıların sayında azalma 2021-ci ildə də davam edib.
XəzərXəbər Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ərzində pensiyaçıların sayı 28,2 min nəfər azalaraq 1,2 milyon nəfərə düşüb.
Məlumata əsasən, pensiyaçılar arasında daha çox azalma əlilliyə görə pensiya alan şəxslərdə qeydə alınıb. Əlilliyə görə pensiya alanların sayı 26,4 min azalaraq 347 min nəfərə enib.
Yaşa görə pensiya alanların da sayı azalıb. Bu qrup pensiyaçıların sayında azalma 9,4 min olub və onların sayı 706,8 minə düşüb.
Yalnız ailə başçısını itirməyə görə pensiya alanların sayı artıb. Onların sayı 7,6 min nəfər artaraq 146,4 minə çatıb.
Xatırladaq ki, 2018-ci ildən pensiyaçıların sayında azalma müşahidə edilir. Həmin ildə 1,318 min olan pensiyaçıların sayı bu ilin əvvəlinə qədər 118 min nəfər azalıb.
Bu müddətdə yaşa görə pensiyaçıların sayı 71,2 min, əlilliyə görə pensiya alanların sayı 43 min, ailə başçısını itirməyə görə pensiya alanların sayı isə 4,2 min nəfər azalıb.