2022-ci ilin yanvar-fevral ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 1843 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1280 məktub araşdırılaraq cavablandırılıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 208 hüquq pozuntusu aşkar edib.
"Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib" - deyə, xəbərdə qeyd olunub.