Xəzər Xəbər

DİM abituriyentlərə müraciət edib

Cəmiyyət | 17:03 • 15 Mart 2022
DİM abituriyentlərə müraciət edib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında Qərarına əsasən 2023-cü ildə I ixtisas qrupu üzrə riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə fizika, riyaziyyat və informatika fənnindən imtahan verməlidirlər.

Xezerxeber.az-ın xəbərinə görə, DİM tərəfindən informatika fənni imtahanının proqramı və imtahan modelinin hazırlanmasına ötən ildən başlanılıb. Materialların hazırlanması üçün işçi qrupu yaradılıb. İşçi qrupuna orta və ali təhsil müəssisələrinin müəllimləri, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri və dərslik müəllifləri daxildir. Hər həftənin birinci günü işçi qrupunun iclası keçirilir, müzakirələr aparılır. İşçi qrupu tərəfindən informatika fənni üzrə kurikulumun təlim nəticələrinə uyğun qəbul proqramı hazırlanıb. Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzular daxil edilib. 

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

İşçi qrupu tərəfindən həmçinin imtahan modeli hazırlanıb.

İmtahan modelinə uyğun hazırlanmış tapşırıq nümunələri ilə isə bu keçidlərdə (Azərbaycan və rus dillərində) tanış olmaq olar.

Hazırda DİM-də imtahana hazırlaşanlara metodik köməklik baxımından vəsait hazırlanır. Vəsait aşağıdakı bölmələrdən ibarət olacaq:

1. İnformasiya və informasiya prosesləri

2. Say sistemləri

3. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi

4. Modelləşdirmə

5. Kompüterin aparat təminatı

6. Kompüterin proqram təminatı

7. Əməliyyat sistemi

8. Mətnlərin email

9. Elektron cədvəllər

10. Verilənlər bazası

11. Kompüter qrafikası

12. Alqoritm

13. Proqramlaşdırma

14. Kompüter şəbəkəsi

15. İnternet

16. Veb-proqramlaşdırma

17. İnformasiya təhlükəsizliyi

İşçi qrupunda göstərilmiş bölmələr üzrə yekun müzakirələr aparılır. Vəsaitin may ayında nəşr olunması nəzərdə tutulur.

Məlumat üçün onu da bildiririk ki, 2021-ci ilin oktyabr ayından dim.gov.az saytında informatika fənnindən imtahanın məzmunu ilə bağlı materialların hazırlanması və ekspertizası, ümumtəhsil müəssisələri üçün dərsliklərin elmi-metodiki monitorinqinin aparılmasında ekspert kimi iştirak etmək istəyənlərin elektron qeydiyyatı aparılır. İndiyədək 71 nəfər qeydiyyatdan keçib. Onların əksəriyyəti materialların hazırlanmasına cəlb edilib.

Hazırda elektron qeydiyyat davam edir.

Qeydiyyatdan keçmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalı, bu keçiddən istifadə etməklə, “Şəxsi vərəq”i doldurmalı və təsdiq etməlidirlər.

Xəbər lenti

Çox oxunanlar