Şagirdlərdə əsasən ürəkbulanma, qarın ağrısı və ishal (diareya) kimi narahatlıq halları artıb.
Bu barədə vətəndaşlar BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər. Bildirilir ki, hətta bəzi hallarda bir sinifdə 3-4 uşaq analoji problemlərdən əziyyət çəkirlər. Eyni zamanda bəzilərinin temperaturu da yüksək olur.
Uşaqlar arasınında yeni virus yayılır?
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan Allahverdi Musayevlə əlaqə saxladıq.
Həkim açıqlamasında valideynlərə məsləhət bildi ki, il boyu belə hallar qeydə alınır.
“Əsasən soyuq havalarda uşaqlar arasında bu tipli xəstəliklər yayılır. Qarında əzələ ağrıları, bəzilərində ishal olur, bəzilərində isə ishalsız qeydə alınır. Ağrılar əsasən qarında limfa düyünlərinin böyüməsilə bağlı arğılardır. Bunlar çox vaxt virusxarakterli olduğu üçün yoluxucu da olur.
Bizim xəstəxanaya da bununla bağlı müraciətlər var. Lakin ciddi artım deyil. Biz adətən belə xəstələri xəstəxanada yatırmırıq. Onlara müalicə tətbiq edib evə buraxırıq. Lakin xəstə çox su itiribsə və vəziyyəti nisbətən ağır olarsa, o zaman xəstəxanaya yatırırıq.
Valideynlər uşaqlarını soyuq havada qalın geyindirsinlər. İsti maye çox qəbul etsinlər”, - deyə Allahverdi Musayev bildirib.
Təhsil Nazirliyindən bildirilib ki, şagirdlər arasında kütləvi virusa yoluxma ilə bağlı faktlar qeydə alınmayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında bildirib ki, Təhsil Nazirliyində narahat doğuracaq elə bir məlumat yoxdur:
“Nazirlik əməkdaşları mütəmadi olaraq məktəblərlə əlaqə saxlayır, monitorinqlər aparır. Soyuq havadır. İndi hansısa sinifdə bir neçə uşağın xəstələnməsi qeydə alına bilər. Lakin bu, kütləvi hal daşımır. Xüsusi narahatdoğurucu hal yoxdur”./ BAKU.WS