"Fevralın 15-dən etibarən başqa siniflərin də əyani təhsilə başlaması uşaqların evdə oturmağından yaranan problemlərin həllinə çox kömək edəcək".
XəzərXəbər xəbər verir ki, bunu açıqlamasında psixiatr Fuad Bəşirov deyib.
O bildirib ki, əgər vaksinləşmə prosesi sürətlənərsə koronavirusun üçüncü dalğası ölkəmizdə nisbətən yüngül keçər:
"Yumşalmalardan sonra dərslərin açılması, insanların işə gedib gəlməyi həm maddi qazancları baxımından, həm sosial aktivliyin yaranmağı baxımından çox yaxşı təsir edəcək. Amma təbii ki, bir tərəfdən də COVİD-in üçüncü dalğasının Avropada başlamasına əsasən deyə bilərəm ki, təxminən bir ay, ay yarım sonra o dalğaları biz də öz ölkəmizdə yaşayacağıq. Dolayısı ilə üçüncü dalğaya da hazırlıqlı olmağımız lazımdır.
Qaydaların ortadan qalxmağı, insanların əvvəlki həyat şəraitinə qayıtmağı psixi problemlərin yaranma ehtimalını azaltmış olacaq. Nə qədər ki, sosial olacağıq, nə qədər ki, daha rahat istədiyimiz yerə gedib gələ biləcəyik, o qədər də təşvişimiz, həyəcanımız daha az olmuş olacaq. Bunlar insanların əhval-ruhiyyəsinə yaxşı təsir edən qərarlardır. Amma bu gerçəyi də yaddan çıxartmamaq lazımdır ki, hazırda Avropada üçüncü dalğa tüğyan edir. Böyük ehtimalla bizdə də o problem yaranacaq.
Əgər vaksinləşmə prosesi sürətlənərsə, insanlar qorxmadan bu prosesdə iştirak edərlərsə, təbii ki, bizdə gedişat daha yaxşı olar deyə ümid edirəm"./milli.az