Xəzər Xəbər

Ermənistan Türkiyə ilə sərhədləri açmağa razılıq verəcək? - Politoloqdan açıqlama

Cəmiyyət | 10:28 • 14 Dekabr 2020
Ermənistan Türkiyə ilə sərhədləri açmağa razılıq verəcək? -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla əlaqələrin yenidən bərpa edilməsi ilə bağlı fikirləri müsbət qarşılanmalıdır. Bir müddət öncə prezident İlham Əliyev də regionda sülhün yaradılması ilə bağlı açıqlama vermişdi.


Bunu Xezerxeber.az açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə və Ermənistan sərhədlərinin açılması məsələsini şərh edərkən deyib.


Onun sölərinə görə, Ermənistan böhran vəziyyətindən çıxmaq üçün həm Türkiyə, həm də Azərbaycanla münasibətləri qaydaya salmalıdır:


"Ermənilərlə münasibətləri qaydasına salmalıyıq. Biz ölkə olaraq regionda sülh yaratmağa hazırıq. Bəs Ermənistana buna hazırdırmı? Hələ ki, buna müsbət cavab vermək mümkün deyil.


Düzdür Paşinyan Azərbaycanla dostluq münasibətlərinin qurulmasını, sülh və əmin-amanlığın bərqərar olmasını istəyir. Bəyanatlarının birində də buna toxunub. Bu fikirlərin səsləndirilməsi yaxşı haldır. Ancaq Paşinyanın hakimiyyətdə qalmasına mane olan qüvvələr var. Onların hamısı tör-töküntü millətçi erməniləridir. O cür insanların hakimiyyətə gəlməsi müsbət proseslərin olacağına vəd vermir.


Ümumiyyətlə, erməni xalqının müəyyən bir qismi Türkiyə və Azərbaycanla sərhədlərin açılmasını, diplomatik əlaqələrin yaradılmasını, regionda barışığın olmasını istəyir. Onlar bu əlaqələrin düzəlməsinin ilk növbədə Ermənistan üçün önəmli olduğunu anlayır. Hazırda Ermənistan dərin böhran içərisindədir. Hər iki ölkə ilə münasibətlərin yaxşılaşması böhrandan çıxış yoludur.


Ötən həftə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ermənilərlə azərbaycanıların bir yerdə yaşaması ilə bağlı təklif irəli sürdü. Bu təklifdə qeyri-adi bir şey yoxdur. Hər iki xalq illərlə bir yerdə yanaşı yaşayıb. Hətta qonşuluq münasibətlərinin örnək nümunələri də var. Sadəcə Ermənistanda bir qrup şəxslər ölkəni və xalqı müharibəyə səsləyərək itirilmiş torpaqları geri qaytarmaq istəyirlər. Bunun mümkünsüz olacağını da bilirlər. Bu istiqamətdə Rusiya və Türkiyə səy göstərməlidir".


Qabil Hüseynli onu da əlavə edib ki, Türkiyə və Azərbaycanla sərhədlər açıldıqdan, Xankəndinə dəmiryol çəkildikdən sonra regiondakı vəziyyət yavaş-yavaş düzələcək.


Qeyd edək ki, Ərdoğan Azərbaycana səfəri zamanı hazırda regionun 6 ölkəsinin (Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan, İran və Ermənistan) əməkdaşlığını nəzərdə tutan platforma üzərində iş getdiyini və Ermənistanın bu prosesə qatılıb müsbət addımlar atacağı təqdirdə, Türkiyə-Ermənistan sərhədlərinin açıla biləcəyini açıqlayıb.

Sevinc Yasinqızı 

Xəbər lenti