Xəzər Xəbər

Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE erməni vəhşilikləri ilə bağlı reportaj hazırlayıb- FOTO

Cəmiyyət | 15:23 • 12 Dekabr 2020
Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE erməni vəhşilikləri ilə bağlı reportaj hazırlayıb- FOTO

Gəncə şəhəri. Ermənistan cəbhə bölgəsindən uzaqda yerləşən bu şəhəri ballistik raketlə hədəfə alıb. Oktyabrın 17-də raket hücumundan sağ qalan şahidlər danışırlar ki, bir evdə 5 nəfərlik, bir evdə isə 4 nəfərlik ailənin bütün üzvləri həlak oldular. Digər 5 nəfərlik ailədən yalnız kiçik qız sağ qalıb. Həmin gecə dəhşətli idi. Uşaqlar həlak oldular. Gecə insanlar yatan zaman Ermənistan ballistik raketlə şəhərin yuxuda olan dinc sakinlərini hədəfə aldı.


Bu sözlər Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE-də yayımlanan reportajda yer alıb.


Reportajda Gəncədə raket zərbələri endirilən məhəllənin sağ qalan sakinləri həmin dəhşətli gecədə baş verənləri danışırlar. Onlar hər gün dağıntılar olan yerə gələrək həlak olmuş yaxınlarının xatirəsini yad edirlər.


Gəncə şəhərindən başqa ARTE kanalının çəkiliş qrupu işğaldan azad edilmiş Füzuli rayonunda da olub, ermənilərin burada törətdikləri dağıntıları lentə alıblar.


Reportajda məşhur fotoqraf Reza Deqatinin fikirləri də yer alıb. Bildirilir ki, 1990-cı illərdə Ermənistan Azərbaycan torpaqlarını işğal edən vaxt Reza Deqati müharibədən çəkilişlər etdiyi üçün hadisələr ona daha aydındır. O deyir: "Çəkdiyim bütün şəkillər sənədləşdirilərək arxivlərdə saxlanılmalıdır. Hər bir şəkil danışır, məlumat verir”. Fotoqraf 90-cı illərdə Füzuli sakinlərinin başlarına gətirilən bir hadisəni danışır: "Füzuli sakinləri döyüşlər zamanı avtobusa minib getmək istəyiblər. Ancaq ermənilər avtobusu saxladıb, qadınların bəzək əşyalarını, əllərindəki çantalarını, hətta ayaqqabılarını alıblar. Sonra ermənilər dinc sakinləri arxadan atəşə tutublar. Sürətlə qaçan sakinlərdən bəziləri sağ qalıb. Tarix həmişə dərslər verir və məlumatlar qalır, sadəcə, gözlərimizi geniş açmalıyıq ki, onları görə bilək. Mən digər müharibə zonalarında da olanda eyni hissləri yaşamışam, eyni əzabları çəkmişəm. İnsan əzablarını görəndə mənə çox pis təsir edir”.


Avropalı jurnalistlər erməni ballistik raketlərinin digər hədəfləri olan Tərtər və Bərdə şəhərlərində də olublar. Onlar reportajda həmin şəhərlərdə törədilən dağıntılar, həlak olanlar barədə məlumat veriblər.


Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müraciətindən kadr da təqdim edilir. Həmçinin Gəncə sakininin Şuşanın azad olunması ilə bağlı sevinc göz yaşları içində dediyi bu sözlər diqqətə çatdırılır: "Çox sevinirəm. Qarabağ Azərbaycan torpağıdır. Torpaqlarımızı azad etmişik”.


Reportajın sonunda Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları Bəyanatdan da bəhs olunur.  azertac


Nərmin



Xəbər lenti