Ötən il Azərbaycanda ilk dəfə qoyulan diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 27 min 157 nəfərdir. Onlardan 25 min 892 nəfəri insulindən asılı olmayan, 1265 nəfəri insulindən asılı olanlardır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində məlumat verilir.
Statistik rəqəmlər ötən il ölkəmizdə şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, 2018-ci ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan diabet xəstələrin sayı 24 min 774 nəfər olub.
Rəsmi nəşrdə o da bildirilir ki, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan diabet xəstələrinin sayı 272 min 842 nəfər olub. Onlardan 242 min 102 nəfəri insulindən asılı olmayan, 30 min 740 nəfəri isə insulindən asılı xəstələr olub. 2018-ci ildə isə qeydiyyatda olan diabet xəstələrinin sayı 255 min 470 nəfər təşkil edib.