Bakının əsas və qədim kəndlərindən olan Əmircan qəsəbəsində də təmir-bərpa və abadlıq işləri başlayıb.
Bu barədə Trend-ə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev bildirib.
Onun sözlərinə görə, abadlıq və bərpa işləri artıq üç aydır ki, davam edir:
"Hazırda ərazidə 6 briqada fəaliyyət göstərir ki, onlardan 5-i təmir işlərinə ayrılıb, digər briqada isə kommunikasiya xətləri çəkir. Yaxın vaxtlarda Əmircanın bütün işıq, su, qaz, kanalizasiya və rabitə xətləri yenilənəcək. Yolların bir qismi qəmbər daşla, digər hissəsi isə asfaltla örtüləcək”.
Ə.Əliyev qeyd edib ki, qəmbər daşların düzülməsi müəyyən vaxt aparacaq:
"Yerin altından keçən kommunikasiya xətləri müasir səviyyədə qurulmalıdır. Belə ki, gələcəkdə bu xətlərdə problem yaranarsa, qəmbər daşları yararsız hala sala bilər. Ona görə də, daşlar düzülməmişdən öncə həmin yollar maksimum səviyyədə bərpa olunmalıdırlar. Düşünürük ki, qəmbər daşları daha çox köməkçi yollara düzək, çünki əsas yoldan avtobuslar və ağır yük maşınları keçir, bu da daşlara ziyan vura bilər. Avtomobillərin daha çox keçdiyi yollar asfaltla örtüləcək”.
İcra nümayəndəsinin sözlərinə görə, bu cür işlər Balaxanıda da aparılıb və ora artıq sakinlərin sevimli məkanına çevrilməkdədir:
"Əmircanda işlər Balaxanıdakından çox çəkəcək. Çünki ərazi baxımından Əmircan daha böyükdür. Hazırda qəsəbənin qədim divarlarında da restavrasiya işləri görülür. Malalar çapılır, sonra daşların arası xüsusi məhlulla təmizlənir, ardından üzərinə müəyyən kimyəvi məhsul çəkilir ki, onların qədimliyi üzə çıxsın. Yeni mişar daşlarından hörülən hasarlara aqlay vurulur, bəzi hasarlar isə fransız boyaları ilə boyanacaq. Əmircanda qədimlik müasirliklə birləşəcək”.