Xəzər Xəbər

ÜST: Səhiyyə sistemlərini gələcək epidemiyaları dəf etməyə hazırlamaq lazımdır

Cəmiyyət | 13:11 • 1 Sentyabr 2020
ÜST: Səhiyyə sistemlərini gələcək epidemiyaları dəf etməyə hazırlamaq lazımdır

COVID-19 pandemiyası dünya ölkələrinin 90 faizində səhiyyə sistemlərinin işində ciddi pozuntulara səbəb olub. Son yarım ildə həkimlər koronavirusa qarşı mübarizə yolunda təcili yardıma ehtiyacı olan xəstələrə kömək etmək üçün hansı tibbi xidmətləri sonraya saxlamaq kimi çətin seçim etməli olublar.


Xezerxeber.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un səhiyyə sistemlərinə təsiri ilə bağlı ilkin araşdırmanın nəticələrini elan edib. Ekspertlərin gəldiyi nəticələr dünyanın beş qitəsində yerləşən 105 ölkədən alınmış məlumatlara əsaslanır. 2020-ci ilin mart-iyun aylarında demək olar ki, hər bir ölkədə (daha dəqiq desək bütün ölkələrin 90 faizində) tibbi xidmətlərin təqdim edilməsində fasilələr yaranıb. Gəlir səviyyəsi aşağı və orta olan dövlətlər daha böyük çətinliklərlə üzləşiblər.


Hesabatlardan məlum olur ki, həm maliyyə, həm də kadr resurslarının məhdud olması səbəbindən əvvəlcədən planlaşdırılan tibbi tədbirlərin çoxundan imtina etmək zərurəti yaranıb. İlk növbədə həm evdə, həm də tibb müəssisələrində immunlaşdırma ilə bağlı problemlər çoxalıb. İnfeksion xəstəliklərin diaqnostikası və müalicəsi, ailə planlaşdırması və kontrasepsiya tədbirləri, psixi xəstəliklərin profilaktikası və müalicəsi, xərçəngin diaqnostikası və müalicəsi sahəsində çətinliklər olub. Ölkələr malyariyanın diaqnostikası və müalicəsi, vərəmin aşkar edilməsi və müalicəsi, habelə antiretrovirus müalicəsi sahələrində çətinliklər yarandığını bildiriblər.


Ekspertlərin fikrincə, səhiyyə sistemlərinin işində əngəllərin səbəbləri klassik tələb-təklif formuluna uyğun gəlir: koronavirus pandemiyası dövründə stasionar müalicəyə ehtiyacın kəskin artdığı bir şəraitdə ambulator xidmətlərə tələb azalıb. İnsanlar kəskin zərurət olmadığı hallarda həkimlərə müraciət etməməyə üstünlük verirlər. Bundan əlavə, həkimlərin və digər tibb işçilərin çoxunun təcili olaraq ixtisasını dəyişməsi və COVID-19-a qarşı mübarizə ilə məşğul olması zərurəti yaranıb. Zəruri avadanlıq və tibbi təyinatlı mallarla təchizat sahəsində fasilələr də əhaliyə tibbi xidmətlərin həcminin azalmasında mühüm rol oynayıb.


ÜST-nin baş direktoru doktor Tedros Adhanom Gerbyesus məruzəni təqdim edərək deyib: "Bu tədqiqat səhiyyə sistemlərində mövcud problemləri üzə çıxarıb, lakin bu informasiya pandemiya dövründə və ondan sonra tibbi xidmətin yaxşılaşdırılmasına dair yeni strategiyalar hazırlanması üçün əsas olmalıdır.


ÜST ölkələrlə işi davam etdirir və COVID-19-un fəsadlarının aradan qaldırılmasına kömək edir. ÜST mütəxəssisləri regional səviyyələrdə pandemiya ilə bağlı problemlərin uzunmüddətli nəticələrini qiymətləndirməkdə ölkələrə kömək etmək üçün tədqiqat aparırlar.

Xəbər lenti

Çox oxunanlar