Sağlamlıqla əlaqədar müxtəlif problemlərlə üzləşirik. Onlardan biri də yüksək hərarətlə əlaqədardır. Hərarətin ölçülməsi isə müxtəlif cihazlar vasitəsilə həyata keçirilir.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasovun AZƏRTAC-a verdiyi məlumata görə, ən çox qrip, boğaz, qulaq, diş dibinin iltihabı xəstəlikləri, daxili orqanların, hətta böyrək, mədə-bağırsaq sisteminin iltihabi xəstəliklərində yüksək hərarətə rast gəlmək mümkündür. Həkim-terapevt deyib ki, bədən hərarətini müxtəlif ölçü cihazları ilə ölçmək olar, lakin həmin cihazlardan necə gəldi istifadə etmək olmaz: "Ən geniş yayılmış ölçü cihazlarından olan termometr silkələnəndə və əldən düşəndə yanlış ölçmə mümkündür. Bundan başqa son zamanlar ölçmə vasitəsi kimi elektron cihazlara daha çox üstünlük verirlər. Lakin onlarda bəzən texniki nasazlıq olanda temperaturu yanlış göstərə bilər”.
Temperaturu ölçmək üçün təmaslı və təmassız olan müxtəlif vasitələr var: "Termometr qədim zamanlardan istifadə olunur və bədənə toxunaraq hərarət barədə məlumat verir. Siqnal vasitəsilə idarə olunan termometrlər də var və onlar təxminən 3-5 dəqiqəyə bədən hərarətini ölçmək qabiliyyətinə malikdir. Kiçik yaşlı uşaqların hərarətini ölçmək üçün elektron termometr - əmzik var və 3-5 dəqiqə ərzində həmin işi görür. Son vaxtlar təmassız olaraq hərarət ölçən cihazlardan da istifadə olunur. Onun düyməsini basaraq 10-15 santimetr məsafədən xəstənin hərarətini ölçmək mümkündür”, - deyə həkim-terapevt əlavə edib.
Bədənin hərarətini ölçməklə yüngül soyuqlamalar zamanı ev şəraitində profilaktik tədbirlər görmək olar. Ciddi xəstəliklər zamanı isə həkimə müraciət edilməli, səbəb aşkarlanmalı və ona uyğun müalicə aparılmalıdır.