Xəzər Xəbər

Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib

Cəmiyyət | 17:12 • 11 İyul 2020
Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial şəbəkələrdə yayılan videoda Binəqədi rayon sakini, 1997-ci il təvəllüdlü Quliyev Ruslan Yaşar oğlunun aldığı 190 manatlıq birdəfəlik ödəməni mənasız bir əyləncəyə sərf etməsi ilə bağlı məsələyə münasibət bildirib.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, birdəfəlik ödəmə ilə bağlı müraciətlərə heç bir halda məmur-vətəndaş təması olmadan, onların mövcud yaşayış vəziyyətinin əyani müayinəsi aparılmadan, yalnız müxtəlif dövlət orqanlarının "e-informasiya" sistemlərindəki məlumatlar əsasında avtomatik şəraitdə baxılaraq qərar verilib.


Ödəmə alanların siyahısı isə bu sahədə ictimai aşkarlığa önəm verilməsinin göstəricisi kimi və ictimai nəzarətə şərait yaradılması üçün Nazirliyin saytında açıqlanıb. Burada məqsədimiz həm də odur ki, əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlər aşkarlansın və kəskin ictimai qınağa hədəf olsunlar.


R.Quliyevin bu il aprelin 9-da birdəfəlik ödəmə almaq üçün etdiyi müraciətə "e-sistem" tərəfindən baxılarkən, onun bu vəsaiti almaq üçün qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu müəyyən edilib. Adında əmək müqaviləsi, VÖEN, əmlak, avtomobil və s. olması müəyyən edilməyib. Bu səbəbdən ona ödəmə təyin olunub: "Bununla belə, Ruslan Quliyevin hüquqi yaransa belə, əslində ehtiyacı olmadan birdəfəlik ödəmə almaq üçün müraciət etməsini, üstəgəl aldığı bu vəsaiti başqalarında "harın həyat tərzi” keçirdiyi təəssüratı yaradan mənasız bir əyləncəyə sərf etməsini kəskin qınayırıq. Bu cür hallar ictimaiyyət tərəfindən kəskin pislənməli və gənclərin cəmiyyətə yararlı formada fəaliyyəti təşviq edilməlidir".


Qeyd edək ki, sosial şəbəkələrdə Ruslan Quliyevin birdəfəlik ödəmə kimi almış olduğu 190 manata qarpız alaraq həmin qarpızları parçalamasını əks etdirən görüntülər yayılıb.

Xəbər lenti