Etil və metil spirti spirtin iki fərqli növüdür. Etil spirti spirtli içki istehsalında istehsal olunur. Metil spirti isə etil spirtinə oxşar xüsusiyyətlərə malik olsa da, həkimlər ondan dezinfeksiya məqsədi ilə istifadə edirlər. Lakin təəssüf ki, virusdan müdafiə məqsədilə metil spirtini daxilə qəbul edənlər də var.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a bildirib ki, metil spirtini daxilə qəbul edəndən sonra bağırsaqlardan sorularaq qaraciyərdə metobolizmə uğrayır və onun tərkibində olan formik asid adlı maddə orqanizmdə intoksikasiyaya və zəhərlənməyə səbəb olur, nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, görmə ilə əlaqədar olan bəzi fəsadlar yaradır.
Vacib məqamlardan biri də xəstənin qəbul etdiyi metil spirtinin miqdarı və xəstəxanaya müraciət tezliyi ilə əlaqədardır. Həkim-terapevt deyib: "Metil spirtini içki kimi qəbul etmək yolverilməzdir. Bununla əlaqədar müraciət ediləndə qanda metil spirtinin miqdarı ölçülür. Onun miqdarı 20 milliqramdan çox olanda diaqnoz qoyularaq müalicəyə başlanılır. Qanda spirtin miqdarı 20 milliqramdan aşağı düşəndə müalicə dayandırılır”.
Metil spirti çox miqdarda qəbul edilibsə və həkimə gec müraciət olunubsa, daha ciddi fəsadlara səbəb ola bilər. Onda xəstənin həyatını xilas etmək imkanı da az olur. Onu içməmək, belə hal baş verəndə isə dərhal həkimə müraciət etmək lazımdır.