İyunun 14-də ümumtəhsil müəssisələrinin ərazilərində "Son zəng" tədbiri təşkil olunacaq. Artıq Təhsil naziri Ceyhun Bayramov bununla bağlı əmr imzalayıb. Amma məzunlar "Son zəng"i məktəblərdə keçirməklə yanaşı, məktəblərdən kənarda da qeyd edirlər. Bu il də istisna deyil. Artıq tam orta təhsilini başa vuran məzunların mütləq əksəriyyəti sinif şəklində məzun törəni keçirmək üçün banket zallarında yerlər sifariş veriblər.
Paytaxtın məşhur restoranlarının əksəriyyətində hətta "Son zəng" törəni ilə bağlı banket zallarının bir ay bundan öncə tutulduğunu söyləyirlər. Restoranlardan bildirdilər ki, "Son zəng" mərasimləri üçün qiymətlər adambaşına 35 manatdan 85 manata qədər dəyişir. Apardığımız kiçik araşdırma zamanı üzə çıxdı ki, məzunların çoxu bu tədbiri çal-çağırla keçirmək üçün restoranlara müğənni də dəvət ediblər. Müğənniyə ödənəcək məbləğ isə menyu qiymətlərinə daxil deyil.
Görünən odur ki, dərs ilinin başa çatması ilə əlaqədar paytaxtda "Son zəng" tədbirlərinin keçirilməsi iki hissədən ibarət olacaq. Rəsmi tədbir məktəblərdə, qeyri-rəsmi törən isə restoranlarda baş tutacaq. Bu isə məzunların təhlükəsizliyi ilə bağlı məsələni aktuallaşdırır.
Qeyd edək ki, nazirin "Son zəng"lə bağlı imzaladığı əmrdə yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən "Son zəng"in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub. Amma məktəbdən kənarda keçiriləcək "Son zəng" tədbirləri ilə bağlı təhlükəsizliyin təmin olunacağına heç kəs zəmanət vermir.
Bakı Şəhəri üzrə Təhsil idarəsinin mətbuat katibi Bəşarət Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Son zəng" tədbirləri yalnız məktəb daxilində keçirilməlidir: "İyunun 14-də bütün məktəblərdə ənənəvi "Son zəng" tədbirinin yalnız məktəb daxilində olması və müvafiq müddət ərzində başa çatdırılması nəzərdə tutulur. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, "Son zəng" tədbirinə valideynlərin və ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tövsiyə edilib. Həmçinin təhsili idarəetmə orqanlarına "Son zəng"in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi həvalə olunub. İnanırıq ki, builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək. Məktəbdə keçirilən "Son zəng" tədbiri yekunlaşdıqdan sonra bəzən məzunların məktəbdən kənar məkanlarda əylənmək təşəbbüsləri olduğu halda valideynlərə tədbirlərin proqramına və övladlarının davranışlarına nəzarət etmələri tövsiyə olunur".
"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" (AVMA) İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Son zəng" tədbirlərinin məktəbdən kənarda valideynlərin nəzarəti altında keçirilməsi üçün valideynlərə tövsiyə xarakterli xəbərdarlıq edilib: "Nazirin əmri ilə məktəblərdə "Son zəng" tədbirləri keçiriləcək. Əmrdə qeyd olunub ki, "Son zəng" tədbirlərində valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının iştirakı da tövsiyə edilir. Artıq bütün VMA-ların bu tədbirdə fəal iştirakı ilə bağlı göstəriş verilib. Məktəblərdə "Son zəng" tədbirlərində təhlükəsizlik təmin olunsa da, məktəbdən kənar keçiriləcək "Son zəng" törənlərində buna heç kəs zəmanət vermir. Ona görə də, biz valideynlərə tövsiyə etmişik ki, məktəbdən kənar keçiriləcək bu tədbirlərdə yeniyetmələrin çılğınlığını nəzərə alıb nəzarətdən kənar qoymasınlar"./Sputnik Azərbaycan