Xəzər Xəbər

Yeni qayda: həkimlər daha firma dərmanı yaza bilməyəcəklər

Cəmiyyət | 15:53 • 12 İyun 2019
Yeni qayda:

Əgər hansısa həkimin reseptə icbari tibbi sığorta paketinə daxil olmayan firma dərmanı yazdığı üzə çıxarsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yaxud da Təbib Publik hüquqi şəxs o həkimlə müqaviləyə xitam verəcək

İcbari Tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra Azərbaycanda dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulacaq. Bu barədə eksklüziv məlumatı Sputnik Azərbaycan-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev verib. Millət vəkili bildirib ki, bu proses icbari tibbi sığortanın tətbiqindən sonra tədricən işə düşəcək: "Çünki, icbari tibbi sığortanın tələblərindən biri xəstələrin tibbi protokola əsasən müalicə edilməsi məsələsidir. Həkimlər icbari tibbi sığorta sistemi Azərbaycanda tam işə düşəndən sonra məcbur olacaqlar ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokol tələbinə əməl etsinlər. Bu protokolda hansı xəstəliklərin hansı üsulla müalicə olunduğu qeyd edilməlidir".

M. Quliyev qeyd edib ki, icbari tibbi sığorta sistemi işə düşdükdən sonra həkimlər sığorta paketinə daxil olan dərmanları müalicə protokoluna əsasən xəstəyə yazmalı olacaqlar. Bu dərmanlar sığorta paketinə daxil olduğu üçün, eyni zamanda ucuz və pulsuz olduğundan, xəstələr də onlara həmin dərmanların yazılmasında maraqlı olacaqlar və bunu həkimdən tələb edəcəklər".

Deputat bildirib ki, icbari tibbi sığorta sistemi ölkə üzrə tam tətbiq edildikdən sonra həkimlərin xəstələrə yazdığı reseptlərə İcbari Tibbi Sığorta Agentliyi və yeni yaradılan Təbib Publik hüquqi şəxs tərəfindən nəzarət ediləcək: "Belə deyək ki, bu qurumlar həkimlərin xəstələrə yazdığı reseptləri izləyə biləcəklər. Çünki, həkim xəstəyə yazdığı resepti elektron sistemə daxil edəcək. Bu zaman həkimin xəstəyə müalicə protokoluna uyğun dərman yazıb-yazmadığına nəzarət olunacaq. Qeyd edim ki, bu sistem həkmlərin xəstələrə artıq və tibbi göstəriş olmadan dərman yazmasının da qarşısını alacaq. Həkimlərin beləcə tədricən dərman firmaları ilə iş birliyinə son veriləcək. Əgər hansısa həkimin reseptə icbari tibbi sığorta paketinə daxil olmayan firma dərmanı yazdığı üzə çıxarsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yaxud da Təbib Publik hüquqi şəxs o həkimlə müqaviləyə xitam verəcək".

M. Quliyevin sözlərinə görə, bu, xəstələrin müalicəsinin keyfiyyətli aparılmasına mane olmayacaq: "Çox təəssüf ki, bəzi insanlarda belə bir fikir formalaşıb ki, dərmanın qiyməti baha deyilsə, o, keyfiyyətli ola bilməz. Bu tamamilə yanlış yanaşmadır. Elə dərmanlar var ki, qutusunda Avropada istehsal olunduğu qeyd olunur, amma içərisindəki dərman Hindistanda hazırlanıb. Firma dərmanlarının da saxtalaşdırılması hallarına rast gəlinir. Əksinə, icbari tibbi sığortanın tam tətbiqindən sonra sığorta paketinə daxil edilən dərman preparatlarının keyfiyyətinə diqqət daha da artacaq. Sığorta paketinə ucuz olsa da, müalicədə sınaqdan keçirilən, amma keyfiyyətli dərman preparatları salınacaq".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirdilər ki, artıq icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında dərman vasitələrinin təbliği mövcud qanunvericiliyə əsasən tənzimlənir: "Burada resept təyinatı məcburi olan bütün dərman vasitələrindən istifadə üçün resept yazmaq səlahiyyətinə sertifikasiyadan keçmiş həkimlər malikdirlər. Xəstəyə diaqnoz həkim tərəfindən qoyulur və müalicə həkim təyinatı üzrə aparılır".

Agentlikdən bildirdilər ki, reseptlə təyinatı məcburi olan bütün dərman vasitələrinin açıq təbliği və reklamı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yolverilməzdir: "Həkim resepti əsasında buraxılan dərman vasitələri və yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində tətbiq edilən tibb vasitələri haqqında informasiya tibb işçiləri və əczaçılar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış nəşrlərdə, habelə tibb işçisini məlumatlandırma məktubunda yayımlana bilər. Dərman vasitələri haqqında informasiya monoqrafiya, arayış-sorğu kitabçaları, elmi məqalələr, konqreslərdə, konfranslarda, simpoziumlarda, elmi şuralarda və digər bu kimi toplantılarda məruzələr, həmçinin həkimlər üçün nəzərdə tutulmuş təlimatlar formasında təqdim olunmalıdır.

Sözügedən qanuna əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələri haqqında informasiya kütləvi informasiya vasitələrində, ixtisaslaşdırılmış və ümumi nəşrlərdə, dərman vasitələrinin tətbiqi haqqında təlimatlarda, habelə tibb işçisini məlumatlandırma məktubunda yayımlana bilər. Qanunun müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla, istifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlanmalıdır"./Sputnik Azərbaycan

Xəbər lenti

Çox oxunanlar