Xəzər Xəbər

Ölkənin ən problemli yollarından biri təmir edilir

Cəmiyyət | 15:37 • 12 İyun 2019
Ölkənin ən problemli yollarından biri təmir edilir

Mövcud yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır

Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verilib.

Ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qalıb.

"Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 km sonra Ağcabədi şəhərinin cənubunda R18 Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri yerinə yetirilir" – deyə Nəcəfli bildirib.

Xatırladaq ki, Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan "İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun keyfiyyətlə yerinə yetirilir.

Layihəyə əsasən yolun ümumi eni 15 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 sm təşkil edəcək.

Layihə çərçivəsində uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa yol boyu 9 yeraltı keçid, 25 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 48 suötürücü boru və 30 avtobus dayanacağı tikiləcək.

Çox oxunanlar