Amerika ekspertləri uşaq nəm salfetləri və uşaqlarda qida allergiyasının inkişaf riski arasında əlaqə aşkar ediblər.
Xezerxeber.az "Domaşniy oçaq” saytına istinadla bildirir ki, bu tədqiqat barədə "Good Housekeeping” nəşri yazıb.
Alimlər hesab edirlər ki, genetik meyilliliklə yanaşı, salfetlərin dəriyə təsiri allergiyanın səbəblərindən biridir.
Bu nəzəriyyəni yoxlamaq üçün ekspertlər yeni doğulmuş siçanlar üzərində tədqiqat aparıblar. Onlar bəzi genləri dəyişdirməklə, habelə onlara toz və uşaq nəm salfetlərinin tərkibinə daxil olan natrium lauril sulfatla təsir göstərməklə dəri baryeri disfunksiyası yaradıblar.
Bundan sonra siçanlara bəzi qida allergenləri, məsələn, yerfındığı veriblər. Yalnız salfetlərin imitasiyasının təsirindən sonra dərisi dəyişmiş siçanlarda reaksiya müşahidə olunub.
Alimlər bildirirlər ki, insanların iştirakı ilə analoji tədqiqatlar aparılmayınca allergiyanın inkişaf səbəbləri ilə bağlı çoxsaylı suallar qalacaq. Lakin elmi nöqteyi-nəzərdən bu, irəliyə doğru atılmış iri addımdır.