Xəzər Xəbər

Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilir

Cəmiyyət | 09:02 • 9 İyun 2019
Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilir

İyunun 9-da Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirir.


DİM-dən xezerxeber.az-a bildirilib ki, imtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış (saat 10:45-də) buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir.


Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:


- "İmtahana buraxılış vərəqəsi”;


- şəxsiyyəti təsdiq edən sənədin əslini:


a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;


b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;


-Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 89 imtahan mərkəzi ayrılıb.


İmtahanda 40234 (Gəncə 3427, Lənkəran 2399, Naftalan 101, Şəki 2033, Sumqayıt 4565, Abşeron 4164, Ağdam 987, Ağsu 739, Astara 1231, Bərdə 2254, Biləsuvar 1391, Daşkəsən 288, Goranboy 1360, Göygöl 897, İmişli 1194, Kürdəmir 1229, Oğuz 499, Qəbələ 1287, Saatlı 1015, Sabirabad 1821, Şabran 686, Şamaxı 1002, Samux 716, Tərtər 834, Xaçmaz 2160, Yevlax 1364, Zərdab 591) nəfər IX sinif şagirdinin iştirakı nəzərdə tutulur.


İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 3340 nəzarətçi‑müəllim, 286 buraxılışı təşkil edən əməkdaş, 89 bina nümayəndəsi ayrılıb.

Xəbər lenti

Çox oxunanlar