İnsan hər il qidalanma və tənəffüs zamanı 120.000 mikroplastika hissəciyi udur.
Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bu cür xoşagəlməz rəqəmlər kanadalı bir qrup alim tərəfindən aparılmış tədqiqat nəticəsində məlum olub. Tədqiqatın nəticələri "İndependent” qəzetində dərc edilib.
Kanadanın Viktoriya Universitetindən olan mütəxəssislər balıq, molyusk, şirinləşdirici maddələr, duz və spirtli içkilərin, su kəmərindən gələn və ya qablaşdırılmış suyun, həmçinin havanın tərkibində olan mikroplastika hissəciklərinin dəqiq sayını müəyyən etmək məqsədilə 25-dən çox tədqiqatın nəticələrini təhlil ediblər. Daha sonra alimlər insanın illik qida rasionunda bu cür məhsulların miqdarını hesablayıblar.
Məlum olub ki, insan cinsindən və yaşından asılı olaraq hər il 74 mindən 121 minə qədər mikroplastika fraqmentləri istehlak edir. Qablaşdırılmış suya üstünlük verən şəxslər isə əlavə olaraq daha 90 min plastik hissəcik "qazanırlar”.
Alimlər müəyyən ediblər ki, yaşlı kişi gündə 142-yə yaxın mikroplastika hissəciyi udur və 170-dən hissəcik tənəffüs yolu ilə onun orqanizminə daxil olur. Qızlar hər il orta hesabla 74 min, oğlanlar 81 min, yaşlı qadınlar 98 min, kişilər isə 120 mindən çox plastik hissəcik istehlak edirlər.
Ekspertlərin fikrincə, mikroplastika hissəcikləri insanın immun və endokrin sisteminə mənfi təsir göstərir, müxtəlif iltihabların inkişafına yol açır, orqanizmdə təhlükəli kimyəvi maddələrin, o cümlədən civə və pestisidlərin toplanmasına şərait yaradır.