Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, gecə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, hava gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Bölgələrdə də sabah arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Mayın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və əsasən rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.