Xəzər Xəbər

Uşaqlar oruc tuta bilərmi?

Cəmiyyət | 14:38 • 8 May 2019
Uşaqlar oruc tuta bilərmi?

Ramazan ayında uşaqlarının oruc tutmasını istəyən ailələr və uşaqlar bəzi məqamlara diqqət etməlidirlər. Belə ki, ailələrində böyüklərlə birlikdə oruc tutmaq istəyən uşaqların bu istəyi xoş qarşılansa da, bəzi məqamlara xüsusi fikir vermək lazımdır.

Xüsusən yayda uşaqların 17 saata qədər ac, susuz qalması xeyli çətin görünür. Ekspertlər uşaqların Ramazanda necə oruc tutması ilə bağlı bəzi məsləhətləri var.

XəzərXəbər uşaqların necə oruc tutması ilə bağlı tövsiyələri təqdim edir.

Uşaqların metabolizması böyüklərdən fərqlidir. Bu baxımdan onların gün ərzində mütəmadi olaraq vitamin və minerallar qəbul etməsi lazımdır. Xüsusən də, yayda məktəblilərin tətildə olduğu vaxtda kənar məşğuliyyətləri artır. Buna görə də, onların mineral, vitamin və su ehtiyacı da artmış olur. Bununla yanaşı, yay aylarında əlavə kurslara, məşğələlərə gedən uşaqların zehninin də yaxşı işləməsi üçün su və enerji ehtiyacı təmin edilməlidir.

Bəs Ramazanda azyaşlılar necə oruc tutmalıdır ki, sağlamlıq baxımından da zərər görməsinlər?

Ekspertlər məsləhət görür ki, ilk günlər uşaqlar imsaka qalxsa da, günorta saatlarında onlar yemək yeməlidirlər. Bu zaman əsasən ayran və onları tox tutacaq qidalar verilməlidir.

Uşaqlar axşam ailə ilə birlikdə iftar etməlidir. Bu zaman onların sürətli yeməmələri və loğmaları yaxşı çeynəmələrinə diqqət etmək lazımdır. Şəkər ehtiyacını ödəmək üçün qarpız, şaftalı, üzüm kimi sulu meyvələr yeyilməlidir.

Hər gün ard-arda oruc tutmaq əvəzinə əvvəlcə yarım gün tutulması daha məsləhətli hesab edilir. Bu zaman uşaqların qısa zamanda çox çəki itirməməsinə də diqqət yetirmək lazımdır.

İmsakda çoxlu şəkərli qida yeməmələri üçün xəbərdarlıq edin. Çünki bu zaman uşaq daha tez acacaq, susayacaq. Ona bu məhdudiyyətin səbəbini izah etmək lazımdır. Uzun müddət tox qalması üçün proteini yüksək olan qidalar verin. Səhər yeməyində süfrədə yumurta, yağ, qatıq və pendir mütləq olmalıdır. Çox az bal və bəhməz də yemək olar. Kolbasa və sosiska kimi duzlu qidalar məsləhət deyil.

Uşaqlar üçün Ramazanda qidalanma qədər yuxu da vacibdir. Unutmaq olmaz ki, uşaqların yuxu ehtiyacı böyüklərdən daha çoxdur. Ona görə də, Ramazanda uşaqların mümkün qədər tez yatması vacibdir.

Oruc tutan uşaqlarınızın uzun müddət açıq havada qalmamasına diqqət edin. Günəş altında uzun müddət oynamaq bədəndə su ehtiyatını tükəndirir. Bu da günvurmaya səbəb olur./publika.az

Xəbər lenti