Xəzər Xəbər

Zəhərli ilanların sancması nəticəsində hər gün təqribən 380 adam ölür

Cəmiyyət | 12:41 • 8 May 2019
Zəhərli ilanların sancması nəticəsində hər gün təqribən 380 adam ölür

Hər il 138 min adam ilan sancması nəticəsində ölür.


Dünya Səhiyyə Təşkilatı (DST) bu göstəricini azaltmağa yönəlmiş yeni strategiya təqdim edib. Bu strategiyanın əsas elementləri padzəhrlərin əlçatan olması və əhalinin bu maddələrin təhlükəli olması barədə məlumatlandırılmasıdır.


DST-nin məlumatına görə hər il dünyada 5,8 milyon insanı ilan sancır. Bu ilanların yarısı zəhərlidir. İlan zəhərinin təsirindən hər gün 220-380 adam, yəni hər il 80-138 min nəfər həyatını itirir.


İlanların əsas qurbanları Asiya və Afrika ölkələrindəki yoxsul kənd icmalarından olan uşaqlar və fermerlərdir. Bu ölkələrdəki tibb məntəqələrinin təchizat səviyyəsi adətən çox aşağı olur.


Bir sıra ölkələrdə zəruri antitoksinlər ümumiyyətlə yoxdur və ya olan antitoksinlər təsiri zəifdir. Hətta ilan sancmasından sonra sağ qalanlar da çox vaxt əlil olur – onların ətraflarını amputasiya etmək lazım gəlir.


DST-nin elan etdiyi yeni strategiya zəhərli ilanların sancması ilə əlaqədar ölüm hallarını və ya əlillik miqyasını 12 il ərzində ikiqat azaltmağa kömək etməlidir. Bu strategiya zəhərli ilanların görkəmi, padzəhrlərdən istifadə qaydaları və onları haradan almaq mümkün olması barədə insanların məlumatını artırmalıdır. DST bu yeni strategiya çərçivəsində diaqnostika metodlarının yaxşılaşdırılması və yeni, daha səmərəli padzəhrlər yaradılması sahəsində tədqiqatlara kömək edəcək. Strategiya mayın 23-də Cenevrədə Kosta-Rika və Nigeriya nümayəndələri tərəfindən rəsmən təqdim olunacaq.

Xəbər lenti

Çox oxunanlar