Daxili İşlər Nazirliyi (DİN) vakant post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
DİN-in Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov may ayının 21-də saat 8:00-da Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən DİN-in Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirəcək.
Sıra baxışında ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır.
Kompüter avadanlığı ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.
Boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışında iştiraka buraxılmayacaqlar.